IMG 8546

Ermənistanın diplomatik sistemində ciddi kadr dəyişiklikləri gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Bildirilib ki, Prezident Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında altı ölkədə Ermənistanın fövqəladə və səlahiyyətli səfirlərinin, eləcə də NATO yanında Ermənistan nümayəndəliyinin rəhbərinin vəzifələrindən geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb:

“Vəzifəsindən geri çağırılanlar arasında Ermənistanın Kanadadakı səfiri Anahit Harutyunyan, Argentinadakı səfiri Hovhannes Virabyan, Yunanıstandakı səfiri Tiqran Mkrtçyan, Bolqarıstandakı səfiri Tsovinar Hambardzumyan, İsraildəki səfiri Arman Hakobyan və Niderlanddakı səfiri Viktor Biyagov var. NATO yanında Ermənistan nümayəndəliyinin rəhbəri Arman İsrayelyan da vəzifəsindən geri çağırılıb.

Diqqətçəkən məqam odur ki, geri çağırılan diplomatların əksəriyyətinin uzunillik iş təcrübəsi var. Onlardan bəziləri əvvəllər Xarici İşlər Nazirliyinin (XİN) mühüm idarələrinə rəhbərlik edib, prezident və baş nazirin aparatlarında çalışıb, Ermənistanı beynəlxalq təşkilatlarda təmsil ediblər.

Belə ki, Anahit Harutyunyan 2019-cu ildən Kanadada səfir vəzifəsində çalışırdı. Bundan əvvəl XİN-də işləyib və xarici işlər nazirinin köməkçisi olub. Hovhannes Virabyan Argentinaya səfir təyin olunmazdan əvvəl XİN-də müxtəlif vəzifələr tutub, o cümlədən nazirin protokol məsələləri üzrə məsul şəxsi kimi fəaliyyət göstərib.

Tiqran Mkrtçyan əvvəllər XİN-in Mətbuat İdarəsinin rəisi, həmçinin Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri olub. Tsovinar Hambardzumyan uzun illər prezident və baş nazirin aparatlarında çalışıb. Arman Hakobyan isə XİN-in Amerika İdarəsinə rəhbərlik edib.

Viktor Biyagov Niderlandda səfir təyin olunmazdan əvvəl Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi olub. Arman İsrayelyan da uzun illər NATO və beynəlxalq təhlükəsizlik məsələləri ilə məşğul olub”.

Nəşr yazıb ki, digər maraqlı məqam isə müxtəlif coğrafi istiqamətlərdə fəaliyyət göstərən diplomatların eyni vaxtda geri çağırılmasıdır:

“Söhbət Amerikadan Avropaya və Yaxın Şərqə qədər müxtəlif regionlarda çalışan diplomatlarından gedir. Üstəlik, onların arasında həm uzun illər vəzifədə olan, həm də nisbətən yaxın zamanda təyin edilmiş şəxslər var. Məlumatlara görə, Nikol Paşinyan diplomatların fəaliyyətindən narazıdır. O hesab edir ki, sözügedən şəxslər üzərlərinə qoyulan vəzifələri lazımi səviyyədə yerinə yetirə bilmirlər. Yaxın vaxtlarda daha bir sıra diplomatların da vəzifələrindən geri çağırılacağı gözlənilir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: