Deputatlardan güney azərbaycanlılarla bağlı yeni TƏKLİF

“İran ərazisində yaşayan soydaşlarımız bizə müraciət edərək bildirirlər ki, öz ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar. Təklif edirəm ki, onlara müəyyən güzəştlər edilsin və Azərbaycanda təhsil alacaqları təqdirdə onlara xarici tələbələr kimi baxılmasın”.

Globalinfo.az bildirir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, dövlət sərhəddindən kənarda yaşatan soydaşlarımız Azərbaycana gəlib burada təhsil almaq istəyəndə onlara dəstək olunmalıdır.

Q.Paşayeva eyni zamanda əlavə edib ki, şəhid ailələri, müharibə veteranları və qazilər hər zaman dövlətin diqqətindədir:

“Təklif edirəm ki, müharibə iştirakçıları güzəştli ipoteka şərtlərindən yararlana biləcək siyahıda olsun, çünki onların buna ehtiyacı var. Onların övladları ödənişli ali təhsil alanda da güzəşt edilməsi yaxşı olardı”.

Deputat həmçinin, ölkədə satışda olan dərmanların qiymətlərinin baha olmasından şikayətlənib: “Təklif edirəm ki, dərmanların qiymətinin aşağı salınması məsələsinə mütləq baxılsın və müəyyən mexanizm hazırlansın”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da güney azərbaycanlıların ölkənin ali məktəblərində təlsil almasına şərait yaradılmasını təklif edib.

O, parlamentin bugünkü plenar iclasında çıxışı zamanı gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitdən, təxminən, 10-15 milyon manatın məhz bu məqsədlər üçün nəzərdə tutulmasını istəyib.