“Bu, oxucunu, dinləyicini və tamaşaçını xəbərdən iyrəndirir” – Elçin Şıxlı

Globalinfo.az Ayna.az saytının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının müsahibəsini təqdim edir:

– Elçin bəy, fake news XXI əsrin əvvəlindən başlayaraq, aktual mövzuya çevrilib. Ənənəvi olaraq biz xəbərləri etibarlı mənbələrdən, jurnalistlərdən və ciddi təcrübə qaydalarına riayət etmələri tələb olunan media orqanlarından alırıq. Bununla belə, fake news da həyatımızın bir parçasına çevrilib. Ümumiyyətlə, bu bəla ilə necə mübarizə aparmaq lazımdır?

– İnternet çox az tənzimləmə ilə məlumat və xəbərləri dərc etmək, paylaşmaq və istehlak etmək üçün tamamilə yeni bir üsul yaratmışdır. Saxta xəbər məsələsi bu gün təkcə bizim cəmiyyət üçün spesifik deyil. Yəni dünyanın əksər ölkələrində bu anlayış, bu neqativ hal var. Fake news-dan daha çox bizim də informasiya müharibəsi adlandırdığımız məqamlarda istifadə edirlər. Müharibə zamanı hər hansı bir ölkəni diskriminasiya etmək məqsədi ilə bu fake news ortalığa atılır. Fake news-un növləri də fərqlidir. Misal üçün, fake news olmasa da mahiyyət etibarilə ona yaxın xəbərlər olur. Bəzən görürsən ki, hər hansı bir ölkədə çox ciddi problemlər olur və fake news olmasa da gündəmlə əlaqəli olmayan xəbərlər yayılır. Mənə görə bunlar da fake news-un bir növüdür. Məqsədi əsas məsələdən diqqət yayındıran xəbərlərdə elə fake news-dur.

O ki qaldı fake news-la mübarizəyə, təəssüf ki, bu heç də asan bir məsələ deyil. Qanunvericiliklə tənzimlənə bilər, lakin bu da effektiv olmayacaq. Misal üçün, Azərbaycanda bu məsələni tənzimləmək üçün qanun qəbul edilsə belə bu qanun sərhədlərimiz xaricində bizim əleyhimizə yayılan fake news-un qarşısını almayacaq.

– Belə çıxır ki, burada tənzimləyici mexanizm həm də oxucular olmalıdır?

– Bəli. Bilirsiniz, daha savadlı, intellektual oxucular formalaşdırmalıyıq. Hansı ki, ağı qaradan ayırmağı bacarsınlar. Yəni fake news-la real keyfiyyətli xəbər arasında fərqi anlayan, onu tələb edən oxucular olmalıdır. Keyfiyyətli oxucu formalaşdırmaq üçün isə informasiyanı təbliğat və təşviqat üçün istifadə etməməliyik. Bu, oxucunu küsdürür.

– Bir qədər öncə qeyd etdiniz ki, dövlətlər informasiya müharibəsində fake news-dan bir-birinə qarşı istifadə edir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan da aktiv şəkildə fake news-dan istifadə edərək həm beynəlxalq ictimaiyyəti çaşdırmağa, həm də Azərbaycan daxili auditoriyasının motivasiyasını aşağı endirməyə çalışırdı. Prezident İlham Əliyevin yerli və xarici media orqanlarına verdiyi müsahibələri çıxsaq, sanki biz fake news-la mübarizəyə hazır deyildik. Sizcə, müharibə sonrası bu istiqamətdə boşluqları doldura bilmişik?

– Siz çox gözəl qeyd etdiniz ki, İkinci Qarabağ müharibəsi zamanı ölkə prezidentinin xarici mediaya verdiyi ardıcıl müsahibələr ermənilər fake news-un effektsiz olmasına gətirib çıxardı. Yəni təəssüf ki, bizim media erməni fake news-na qarşı heç nə edə bilmədi. Hətta bəzi media qurumları erməni mediasına istinadla xəbərlər verirdi. Təəssüf ki, müharibədən sonra da bu sahədə heç bir iş görülmür. Baxın, bizim media fake news verməməyə çalışır. Ancaq ifrat dərəcə təbliğat, təşviqat xarakterli xəbərlərə üstünlük veririk. Bu, oxucunu, dinləyicini və tamaşaçını xəbərdən iyrəndirir.

– Azərbaycan oxucusunun ən çox narazı qaldığı məqamlardan biri də yalan, aldadıcı başlıqlardır. Bir çox oxucu xəbərin başlığı ilə mətn arasında əlaqənin olmadığını bildirir. Bunu fake news kimi qəbul edə bilərik?

– Bilirsiniz, bu əslində adi bir haldır. Oxucunu cəlb etmək üçün təkcə bizim mediada deyil, xarici mediada da bu yola əl atırlar. Yəni bunu başa düşmək lazımdır ki, bu bizə xas bir cəhət deyil.

Başlıq hər zaman oxucunu cəlb etməlidir. Əks təqdirdə oxucu yazını oxumayacaq. Lakin bunun da bir həddi var. Misal üçün, yazırlar ki, prezident avtomobil qəzasına düşdü. Oxucular dərhal girib oxuyur, düşünür ki, görəsən nə oldu? Ancaq xəbəri oxuduqda məlum olur ki, Tanzaniyanın hansısa futbol klubunun prezidenti qəzaya düşüb. Bax, bu, oxucunu aldatmaq, onu ələ salmaqdır. Bu fake news olmasa da ondan daha betərdir. Unutmamalıyıq ki, el misalı var – yalançının evi yandı heç kəs ona inanmadı.

–  Elçin bəy, Azərbaycanda “Media haqqında” qanun qəbul edildi. Özlüyündə bir çox məsələni tənzimləyən bu qanunda fake news-un qarşını almaq, onlarla mübarizəyə dair boşluqlar var?

– Bilirsiniz, bir qədər öncə də qeyd etdim, bu məsələni qanunla tənzimləmək olmaz. Birincisi, bu, məsələnin qəlizliyi ilə bağlıdır. Lakin qanunlar özü də həmişə mükəmməl olmur. İndinin özündə də bir çox qanunda boşluqlar var. Hətta bəzi qanunlar var, bir-birini təkzib edir. Misal üçün, yazılır ki, bunu etmək olmaz. İzahına baxdıqda isə heç nə anlamaq olmur. Bundan başqa, bir çox dövlət orqanları da bəzi qanunların tətbiqində problem yaşayır.

O ki qaldı “Media haqqında” qanunda fake news-la bağlı məsələnin olmasına, mən bu haqda nəsə gördüyümü xatırlamıram. Lap olsaydı belə, doğru xəbər də fake hesab edilə bilərdi.

Müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin “Xəbəri yoxlamamış inanma! Saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində dərc olunub. Müsahibədə səslənən fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi heç bir öhdəlik və məsuliyyət daşımır.

Turan Rzayev
Globalinfo.az