Xəbər verdiyimiz kimi, Ali Məhkəmə şəxsi həyata hörmətsizliyin hüquqi nəticələrini müəyyən edib. Qərara əsasən, artıq canlı efirdə şəxsi məlumat yayanlar məsuliyyət daşıyacaq.
Yeni qərarın məqsədi nədir?
Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, bu qərar şəxsi həyatın toxunulmazlığının təmin olunması baxımından bir sıra yenilikləri ehtiva edir:
“Qərar açıq şəkildə təsbit edir ki, bir şəxs haqqında hansısa məlumatın doğru olması həmin informasiyanın dərhal yayıla bilməsi üçün zəmin yaratmır. Şəxsin razılığı olmadan onun özəl məlumatlarının, ailə həyatına dair informasiyaların toplanması, saxlanılması və yayılması hüquq pozuntusu hesab edilir, mülki məsuliyyət yaradır. Plenum qərarı Konstitusiyanın 32-ci maddəsin əsaslanır. Orada təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun real tətbiq mexanizmini müəyyənləşdirir. Tibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar, ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssas məlumatların qanunsuz yayılması mənəvi zərərin ödənilməsi tələbi ilə nəticələnə bilər. Xüsusilə televiziya, radio və sosial şəbəkələr vasitəsilə kütləvi yayım halları mənəvi zərərin həcmini artıran amillərdən hesab olunur”.
Müşfiq Ələsgərli
Ekspert bildirib ki, qərar media subyektlərinin məsuliyyətini dəqiqləşdirir:
“Audio və video vasitəsilə şəxsi həyatla bağlı məlumatların yayılmasına görə yalnız məlumatı səsləndirən şəxslərin deyil, həmin yayımı həyata keçirən media orqanının da məsuliyyətini müəyyən edir. Canlı yayımlarda hüquqazidd müdaxilə riski olduqda, media qurumları əvvəlcədən xəbərdarlıq etməyə borcludur, əks halda, pozuntuya görə birbaşa cavabdehlik daşıyırlar. Ən əsası budur ki, qərara əsasən, şəxsi məlumatların saxlanmasına cavabdeh olan banklar, klinikalar, mobil operatorlar, işəgötürənlər, dövlət qurumları və sosial şəbəkə platformaları məlumatların qanunsuz şəkildə üçüncü şəxslərə ötürülməsinə görə məsuliyyət daşıyırlar. Bu, şəxsi məlumatların qorunmasında institusional məsuliyyət prinsipini möhkəmləndirir”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, Plenum qərarı ictimai maraqla şəxsi həyatın sərhədlərini aydınlaşdırır:
“İctimai şəxslərin (vəzifəli şəxslərin) vəzifələrinin icrası ilə bağlı əmlak və gəlir məlumatları ictimai maraq kəsb edə bilər. Lakin onların ailə üzvlərinin sağlamlığı və şəxsi həyatı bu marağın hüdudlarına daxil deyil. Bu qərar Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci və 10-cu maddələrinə, o cümlədən, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğundur. O, Azərbaycan məhkəmə praktikasının beynəlxalq hüquq normaları ilə uzlaşmasını təmin edir”.
Qeyd edək ki, Ali Məhkəmənin Plenum qərarında şəxsi və ailə sirri təşkil edən məlumatların yayılmasının hansı hallarda qanuni olduğu da dəqiqləşdirilib. Bildirilib ki, belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Bu zaman yayılma ictimai marağı aşmamalıdır.
Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir.
Ləman İmran
Globalinfo.az