siqaret qacaqmalciligi

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid. C.Ə təqsirləndirilən şəxsi tanımadığını bildirib:

“Mən sürücüyəm. Amildən mənə zəng gəldi ki, Türkan limanından yük götürmək lazımdır. Normal şəkildə limana girdik, yükümüzü götürüb getdik. Belə zənglər dəfələrlə olub. Yüklərin nə olduğunu bilmirdim, ağzı həmişə bağlı olurdu. Bu işi E. adlı bir sürücü həmkarımla gördük, 140 manat almışıq reysə görə. Əvvəl 150 manata danışsaq da, sonra məbləği 140 manata saldılar. Yükləri boşaldana kimi Amil idmançı görkəmli bir adamla məni müşayiət edirdi. Amil sonra dedi k, TIR-da problem çıxıb, maşın bir neçə gün burada qalmalıdır. Maşın başqa işim üçün də lazım idi, ona görə etiraz etdim. O, mənə deyirdi ki, “Birdən səni saxlasalar, deyərsən ki, mənə zəng edən Farizdir”.

Şahid Ş.M limanda operator işlədiyini deyib:

“Mən ancaq konteynerdən yükləri boşaltmaqda iştirak etmişəm. Göstərişləri briqadirdən alırdıq”.

Şahid Ə.Ə bildirib ki, təqsirləndirilən Fariz Məhərrəmovu tanımır:

“Yükləri boşaltmışam, sonra konteyneri gəminin yanına aparmışam. Səhv eləmirəmsə, yük Türkmənistan, ya da Qazaxıstana aparılırdı”.

Növbəti proses 16 oktyabr saat 17:00-a təyin olunub.

Xatırladaq ki, ittihamda Fariz Məhərrəmovun xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirildiyi qeyd olunub.

Bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib, uzun müddət qaçaqmal siqaretlərin ölkənin müxtəlif ərazilərində satışı ilə məşğul olub.

Qeyd olunan əməlinə görə ona Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib. Təqsiri sübuta yetirilsə, onu 10 ildən çox həbs cəzası gözləyir.

Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, gömrükçülər və başqa məsul şəxslər də həbs ediliblər.

İyunun 5-də məhkəmənin qərarı ilə Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov ev dustaqlığına buraxılıb.

Paylaş: