Azərbaycana görə “blokadaya alınan” İranda son vəziyyət: “Tehran buna məcbur olacaq”

Rəsmi Tehran reverans etmək, Azərbaycanla münasibətləri düzəltmək üçün müəyyən addımlar atmaq istəyir. Amma Bakı şərtlərinin qəbul edilməyəcəyi təqdirdə İranın heç bir təşəbbüsünə olumlu cavab verməyəcək. Ən əsas şərtimiz Tehranda səfirliyə terror hücumunun obyektiv araşdırılmasıdır.

Bir yandan da Türkiyə İrana basqıları artırıb. Ərdoğanın “Zəngəzur dəhlizinin açılmasına İran daha çox mane olur, nəinki Ermənistan” bəyanatı Tehranın yuxusunu qaçırıb. Türk arealında fars dövləti kimi mövcud olan İranın manevr imkanları getdikcə daralır. Üstəlik Pakistan da Azərbaycanla yüksək səviyyəli müttəfiqdir və İranla münasibətləri yaxşı deyil. İsrailin basqısı da öz yerində. ABŞ-la münasibətlərdəki gərginlik, Vaşinqtonun sanksiyaları, təzyiqləri Tehranın regional və qlobal proseslərdəki mövqeyini ciddi şəkildə məhdudlaşdırıb.

Daxildəki narazılıqlar da bir yandan İranın gücünü alır. Belə bir şəraitdə rəsmi Tehranın Azərbaycana qarşı ənənəvi mövqeyi çox davam edə bilməzdi. Hələ Çinin bu regioanda maraqlarının İranla müttəfiqliyindən daha vacib olduğunu demirik. Xatırladaq ki, 2018-ci ildə Çin İran ilə 25 illik əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə İranı Çindən asılı vəziyyətə salıb.

Bəs Tehranın məhz indiki zamanda Bakı ilə münasibətləri qaydasına salmağa nə vadar edir? Regionda Pekinin maraqları İranın mövqeyi ilə nə dərəcədə uyğun gəlir?

Vəziyyəti Globalinfo.az-a dəyərləndirən politoloq Murad Sadəddinov bildirib ki, Tehran Zəngəzur dəhlizi məsələsində Azərbaycana qarşı münasibətinin nəticəsini proqnozlaşdıra bilməmişdi:

“İranın xarici siyasətini məntiqi nöqteyi-nəzərdən izah etmək çox çətindir. Mollalar hakimiyyətdə olduqları uzun müddətdə apardıqları siyasətlə demək olar ki, bütün qonşuları ilə münasibətlərini pozublar. Tehran hər zaman avtoritar idarəetmə sistemini saxlamaq üçün qonşu dövlətlər arasında düşmən axtarıb və bundan daxili auditoriyada təbliğat vasitəsi kimi istifadə edib.

Bəli, Zəngəzur dəhlizi məsələsinə İranın ilk reaksiyası aqressiv idi. Amma proqnozlaşdıra bilmədilər ki, bu aqressiv münasibətlə sadəcə xaricdə Azərbaycanın mövqelərini gücləndirmiş olacaqlar. Nəticədə isə İran əleyhinə Azərbaycan ətrafında çox güclü koalisiya formalaşacaq. Bütün bunlar hazırkı proseslərdə özünü göstərmiş oldu. Bu gün İranda vəziyyət ürəkaçan deyil, dünya tərəfindən sanksiyalara məruz qalıb. Rusiya-Ukrayna müharibəsinə təsirləri bir daha Tehrana qarşı təzyiqləri gücləndirib. Həmçinin İsrail də açıq şəkildə İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirir. Bu baxımdan Tehran başa düşür ki, öz qonşuları, xüsusilə də Azərbaycanla müəyyən yumuşalmalara yol açmalıdır”.

Politoloq Azərbaycana qarşı İranı mövqeyini dəyişməyə hansı amillərin təkan verdiyindən söz açıb:

“Son dövrlər Rusiya Azərbaycan vasitəsilə dəmir yolunun tikilməsi üçün İranla bağlı cəhdlərini artırıb. Bu istiqamətdə danışıqlar da aparılır. Amma məsələdə əsas faktor Azərbaycandır, bu zəncirin daxilində rəsmi Bakının iştirakı olmadan sözügedən dəhliz formalaşa bilməz. Aydın məsələdir ki, İranın Zəngəzur dəhlizi məsələsinə qarşı çıxmasına Azərbaycancan əks addımlar atacaq. İranla ticarət əlaqələri olan və Qərblə həmsərhəd zonalara malik Türkiyənin də bu məsələdə mövqeyi məlumdur. Həmçinin İranla şərq sərhədləri olan Pakistanın da dəstəyi Azərbaycandan yanadır. Qərb koalisiyası da İrana qarşı Azərbaycanın arxasındadır. Bütün bunlar, eyni zamanda İsrail Prezidentinin Bakıya səfərini də nəzərə alan İran başa düşür ki, Azərbaycanla ritorikasını dəyişdirməlidir. Bunu İran Xarici İşlər Nazirliyi də bəyanatlarında aydın şəkildə qeyd edir, bizimlə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışırlar”.

M.Sadəddinov bildirib ki, Çinin İranla münasibətləri yaxşı olsa da, yaxın zamanda mövqeyini dəyişəcəyi istisna deyil:

“Çinin də İranla müəyyən əlaqələri var, vaxtı ilə 25 illik bir müqavilə imzalamışdılar. Amma o müqaviləyə əsasən Çinin İrana yatırmalı olduğu böyük investisiyaların heç biri həyata keçirilməyib. Son olaraq ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin qaydasına salınması istiqamətində danışıqlarda ciddi irəliləyişlər olub. Hətta prezidentlərin görüşü nəzərdə tutulur. Çox güman ki, bu danışıqlar çərçivəsində Çin İrana dəstəyini və iqtisadi əlaqələrini məhdudlaşdıracaq. Beləliklə, Tehranın heç bir müttəfiqi qalmadığı üçün qonşu ölkələrlə münasibətləri yoluna qoymağa çalışacaq”.

Ayşən Mustafa
Globalinfo.az