Almaniyada yeni yaradılan “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) hərəkatı noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşularaq ölkənin ali təhsil müəssisələrində kütləvi tətil keçirməyi planlaşdırır.
Bildirilir ki, aksiyada əsas məqsəd universitetlərdə tədris prosesinin mümkün qədər tam dayandırılmasına nail olmaqdır.
Etirazçıların əsas tələbləri arasında təhsil sahəsinə dövlət maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılması, akademik heyətlə qısamüddətli əmək müqavilələrinin bağlanmasının qanunla qadağan edilməsi, var-dövlət vergisinin tətbiqi və universitetlərdə hərbi tədqiqatların tam dayandırılması yer alır.
Hərəkat, həmçinin Almaniya kansleri, Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzin istefasını tələb edir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ümumiyyətlə, son bir neçə aydır Avropanın bir çox ölkəsində etiraz aksiyaları davam edir:
“Bu etirazların əsas hərəkətverici qüvvəsi məhz tələbələr və gənclərdir. “Z nəsli aksiyaları” təkcə təhsil sistemindəki dəyişikliklərə, tələbələrin sosial problemlərinə və gələcəklə bağlı narahatlıqlarına etiraz deyil. Bu, bütövlükdə Avropada formalaşmış və getdikcə cəmiyyətdən uzaqlaşan siyasi sistemə, idarəçilik modelinə və mövcud siyasi elitanın fəaliyyətinə qarşı etirazın ifadəsidir.
Əslində, burada diqqət çəkən əsas məqam gənc nəslin artıq ənənəvi siyasi institutlara və mövcud siyasi qüvvələrə əvvəlki kimi etimad göstərməməsidir. Gənclər yalnız sosial və iqtisadi problemlərin həllini tələb etmirlər. Onlar qərarların qəbulunda iştirak etmək, gələcəklərinə təsir edən məsələlərdə söz sahibi olmaq və siyasi elitanın məsuliyyət daşımasını istəyirlər. Təhsil, işsizlik, yaşayış xərcləri, sosial bərabərsizlik və gələcəyə inamsızlıq kimi problemlər isə bu narazılığın daha da dərinləşməsinə səbəb olur.

Kənan Novruzov
Məsələ ondadır ki, Avropa uzun illər demokratiya, insan hüquqları və siyasi azadlıqların müdafiəsi baxımından dünyaya nümunə kimi təqdim olunub. Lakin bu gün həmin cəmiyyətlərdə gənclərin küçələrə çıxması, mövcud siyasi sistemə qarşı etirazlarını açıq şəkildə ifadə etməsi ciddi suallar doğurur. Görünür, Avropanın siyasi elitası cəmiyyətin dəyişən gözləntilərini və yeni nəslin tələblərini vaxtında dəyərləndirə bilməyib.
Bütün bunlar onu deməyə əsas verir ki, həm Almaniyada, həm də Avropanın digər ölkələrində etirazların bir müddət də davam etməsi mümkündür. Əgər hökumətlər bu narazılığın səbəblərini aradan qaldırmaq əvəzinə, yalnız etirazların nəticələri ilə mübarizə aparmağa üstünlük versələr, proses daha ciddi siyasi böhrana çevrilə bilər. Hətta bəzi ölkələrdə hökumət dəyişiklikləri, yüksək vəzifəli şəxslərin istefaları və siyasi qüvvələr arasında ciddi yerdəyişmələr də istisna deyil. Bu baxımdan, hazırda baş verənləri sadəcə tələbə etirazları kimi qiymətləndirmək düzgün olmazdı. Söhbət Avropada yeni nəslin siyasi sistemdən gözləntilərinin dəyişməsindən və mövcud siyasi elitanın bu dəyişikliklərə nə dərəcədə hazır olmasından gedir”.
Turan Rzayev
Globalinfo.az