7VXCWYLHNRPDJOK5O3QNWK2SJ4

İsrail Prezidenti İsaak Hersoq yeni hökumətin formalaşdırılması mandatını müxalifət lideri, “Yaşar” partiyasının rəhbəri Qadi Ayzenkota verib. Bu qərar 27 oktyabrda keçirilən parlament seçkilərindən sonra heç bir siyasi blokun Knessetdə hökumət qurmaq üçün zəruri çoxluğu əldə edə bilməməsi fonunda qəbul olunub.

Ayzenkotun qarşısında duran əsas vəzifə Benyamin Netanyahunun rəhbərlik etdiyi hakimiyyətin yerinə yeni koalisiya formalaşdırmaq və parlamentdə ən azı 61 deputatın dəstəyini qazanmaqdır.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ayzenkot parlamentdə 67 deputatın dəstəyini qazanaraq hökuməti formalaşdırmaq üçün əsas namizədə çevrilib:

“Düşünürəm ki, onun qarşısında kifayət qədər ciddi siyasi və diplomatik vəzifələr dayanır. Azyenkotun qarşısında duran əsas məsələ Benyamin Netanyahudan qalan ağır siyasi mirası aradan qaldırmaq və İsrailin regional siyasətində yeni yanaşma ortaya qoymaqdır. Hesab edirəm ki, yeni hökumət Qəzza, Fələstin və “Hizbullah” məsələlərində müəyyən dəyişikliklərə gedə bilər. Təbii ki, İsrailin strateji təhlükəsizlik xəttindən ciddi şəkildə kənara çıxması və Fələstin dövlətinin tanınması istiqamətində addım atması real görünmür. Çünki İsrail daxilində bunun ciddi siyasi müqavimətlə qarşılaşacağı aydındır.

Bununla belə, Ayzenkotun Netanyahu ilə müqayisədə hərbi gücdən istifadəyə daha az, diplomatik vasitələrə isə daha çox üstünlük verəcəyini düşünürəm. Onun qarşısında duran əsas vəzifələrdən biri İsrailin beynəlxalq imicini bərpa etmək, Qəzzada humanitar vəziyyəti yaxşılaşdırmaq, beynəlxalq humanitar təşkilatların fəaliyyətinə şərait yaratmaq və bölgədə davam edən qanlı qarşıdurmanın dayandırılması istiqamətində praktik addımlar atmaqdır”.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, son illərdə İsrail həm özü, həm də bütövlükdə Yaxın Şərq üçün ciddi böhran mərhələsinə keçib:

“Bu böhran İsrailin beynəlxalq münasibətlərinə, xüsusilə Qərb ölkələri ilə əlaqələrinə də mənfi təsir göstərib. Ayzenkot bu problemlərin həlli istiqamətində real siyasət həyata keçirə bilsə, beynəlxalq birliyin və Qərbin dəstəyini qazanmaq imkanları artacaq.

ABŞ Prezidenti Donald Trampla münasibətlərdə də müəyyən fərqlərin ortaya çıxması mümkündür. Lakin düşünürəm ki, Tramp administrasiyası Ayzenkotun hakimiyyətə gəlməsini Netanyahu ilə müqayisədə daha praqmatik seçim kimi qiymətləndirə bilər. Çünki Netanyahu İranla bağlı hərbi eskalasiyanın dərinləşməsinə və Vaşinqtonun daha sərt addımlar atmasına çalışırdı. Ayzenkotun isə regional problemlərin həllində diplomatik mexanizmlərə üstünlük verməsi ABŞ administrasiyasının da maraqlarına uyğun gələ bilər.

Hesab edirəm ki, İsraildə yeni hökumətin formalaşması Yaxın Şərqdə müəyyən siyasi dəyişikliklərə yol aça bilər. Bununla belə, Ayzenkotun real siyasətini qiymətləndirmək üçün onun hökumət proqramını, koalisiya quruculuğunu və vəzifəsinin icrasına başladıqdan sonrakı ilk 100 gündə atacağı addımları gözləmək lazımdır. Məhz bundan sonra onun Netanyahu dövründən fərqli siyasi kurs həyata keçirib-keçirməyəcəyinə daha obyektiv qiymət vermək mümkün olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: