ankara

Türkiyə Antalyada keçiriləcək 31-ci BMT İqlim Dəyişikliyi Konfransı (COP31) çərçivəsində keçiriləcək liderlər sammitində iştirakla bağlı İsrail hökumətinə dəvət göndərməyib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə COP31 prezidenti və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim naziri Murad Kurum deyib.

“Tədbirin təşkili çərçivəsində ev sahibi Türkiyə liderlərə dəvət göndərir. Biz İsrail hökumətini liderlər sammitinə dəvət etməmişik. Lakin hər bir ölkənin BMT-nin himayəsi altında danışıqlarda iştirak etmək, öz mövqelərini, bəyanatlarını və layihələrini təqdim etmək hüququ var. Buna görə də, bütün ölkələr BMT tərəfindən təşkil edilən tədbirlərə dəvət olunur. Lakin ev sahibi ölkə olaraq biz İsrailə liderlər sammitinə dəvət göndərməmişik”, – deyə o bildirib.

Nazir əlavə edib ki, iqlim konfransına ev sahibliyi etmək Ankaranın İsrailə münasibətini dəyişməyəcək:

“Burada iqlim, iqlim ədaləti məsələlərini müzakirə edəcəyik. Sülh olmayan yerdə iqlim ədaləti ola bilməz. Buna görə də, bu görüş (COP31) Türkiyənin İsrail dövləti və hökuməti ilə bağlı mövqeyini dəyişməyəcək”.

Paylaş: