urmiya

İranda son günlər yağan payız yağışları Urmu gölünün vəziyyətinə müsbət təsir göstərib. Cəmi 48 saat ərzində gölün su səthinin sahəsi 24 kvadratkilometr genişlənib, su ehtiyatı isə 2,58 milyard kubmetrə çatıb.

Globalinfo.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, noyabrın 6-dan 8-dək qeydə alınan göstəricilərdə gölün su səviyyəsi 1270,59 metrdən 1270,60 metrə yüksəlib.

Statistik məlumatlara əsasən, suyun həcmi iki gün ərzində 2,55 milyard kubmetrdən 2,58 milyard kubmetrə qədər artıb. Beləliklə, gölə təxminən 30 milyon kubmetr əlavə su daxil olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə də ciddi fərq qeydə alınıb. Belə ki, 2025-ci ilin müvafiq dövründə göldə suyun həcmi 350 milyon kubmetr olduğu halda, hazırda bu göstərici 2,58 milyard kubmetrə yüksəlib. 

Bununla belə, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbərliyi gölün tam bərpa olunduğunu söyləmək üçün hələ tez olduğunu bildirir.

Mütəxəssislərin fikrincə, müsbət dəyişikliklərin davam etməsi üçün su ehtiyatlarından səmərəli istifadə edilməli, qanunsuz su götürülməsinin qarşısı alınmalı və gölün ekoloji su tələbatı təmin olunmalıdır.

Tahir Turan 
Globalinfo.az

Paylaş: