
Fransa İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ölkədəki supermarket şəbəkələrinə qarşı genişmiqyaslı kiberhücumların təşkilində ittiham edib.
Globalinfo.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 9-da açıqlamasında oktyabr ayında baş verən hücumların arxasında İranın hərbi strukturlarının dayandığını bildirib.
Nazirin sözlərinə görə, oktyabrın 11-dən 12-nə keçən gecə Fransada 700-dən çox supermarketdə soyuducu və dondurucu sistemlərinin idarəetmə qurğuları haker hücumuna məruz qalıb.
Hücumçular sistemlərə uzaqdan müdaxilə edərək soyuducuların temperaturunu yüksəldiblər. Nəticədə çoxlu sayda ərzaq məhsulu xarab olub, bəzi obyektlərdə texniki avadanlıqlara ziyan dəyib və yanğınlar baş verib. İlkin hesablamalara görə, dəyən zərər on milyonlarla avro təşkil edir.
Barro hücumun İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirildiyini təsdiqlədiyini bildirərək hadisəni Fransa üçün görünməmiş miqyaslı kiber təxribat kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az