WhatsApp Image 2026 11 08 at 22.34.20

8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. 44 günlük Vətən müharibəsi zamanı yaşananlar, döyüş meydanında baş verən hadisələr və qələbəyə aparan yol hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur.

Globalinfo.az Zəfər Gününün canlı şahidlərindən olan qazi Əfqan Zamanovun müharibənin başlanğıcı, döyüşlər zamanı yaşanan hadisələr və həmin günlərlə bağlı xatirələrini təqdim edir.

Qeyd edək ki, Əfqan Zamanov müharibə zamanı çəkdiyi “Dəymədi-dəymədi” videosu ilə geniş ictimaiyyətin diqqətini cəlb edib. Sözügedən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

– Əfqan bəy, 2020-ci il sentyabrın 27-də müharibənin başladığı günü necə xatırlayırsınız?

– Müharibənin başlamasından əvvəl Azərbaycanda bir qoxu var idi. Hər kəs xəbərləri izləyir, baş verənləri müzakirə edirdi.

Həmin vaxt uşaqlıq dostum Əliyev Əkbərlə birlikdə qalırdıq. O, hazırda zabitdir və xidmətini davam etdirir. Həmin dövrdə onu bölgəyə çağırmışdılar və o, getmişdi. Ondan sonra mən də könüllü olaraq getmək qərarına gəldim.

Amma bundan əvvəl, Allah rəhmət eləsin, general Polad Həşimov şəhid olduqdan sonra Bakıda Ali Baş Komandana dəstək məqsədilə nümayiş keçirilmişdi. Bütün Azərbaycan Polad Həşimovun şəhidliyinə görə ayağa qalxmışdı. Mən də həmin nümayişdə iştirak edirdim. Səhərə qədər orada qaldıq, səfərbərliyin elan olunmasını tələb etdik və buna nail olduq. Səfərbərlik elan ediləndən sonra qeydiyyata düşdüm.

Müharibə başlayanda isə artıq rayonda idim. Oradan da könüllü olaraq xidmətə yazıldım. Həm sahə üzrə, həm də çağırış mərkəzi ilə əlaqə saxlayırdım. Nəticədə könüllü olaraq döyüşə yollandım.

– Müharibədə iştirak etmiş şəxslər bəzən həyatı boyu müəyyən səhnələri unuda bilmir. Həmin anlar sanki film kimi gözlərinin önündən keçir. Sizdə də belə hallar olurmu?

– Tək bir kadr deyil, çoxlu belə kadrlar var. İl yarım bundan əvvələ qədər məndə ciddi problemlər yaranırdı. Gecələr yata bilmirdim. Həyat yoldaşım da, Allah da şahiddir ki, bəzən yuxudan qışqıra-qışqıra oyanırdım.

Müharibə şəraitində yaşananlar bir yana, hətta adi hərbi fəaliyyətlər, məsələn, BMP-nin üzərində dayanıb yolu müşahidə etmək belə insan üçün ağır və stresli ola bilər. Bu, heç də asan deyil.

Tam müsahibəyə baxmaq üçün: 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: