Avropada etiraz aksiyaları İsveçrəyə də çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “20 Minuten” nəşri məlumat yayıb.
Bildirilib ki, Sürix şəhərində iğtişaşlar baş verib.
“Küçələrdə barrikadalar yanır, hüquq-mühafizə orqanları isə su şırnaqlı maşınlardan və gözyaşardıcı qazdan istifadə edir. Hətta qəzəblənmiş kütlə yaralı yeniyetməyə yardım etməyə çalışan polislərə də hücum edib.
Etiraz aksiyaları Hellouin bayramını qeyd etmək üçün küçələrə çıxan sakinlərə də mane olub. Aksiya iştirakçıları zibil daşıyan avtomobilləri oğurlayaraq yandırıb, barlara hücum edib, binaların fasadlarını və pəncərələrini sındırıblar”, – deyə qeyd olunub.
Yerli sakinlərin narazılığına əsas səbəblər mənzil, ərzaq və təhsil xərclərinin yüksək olmasıdır.
Bəzi mənbələrin məlumatına görə, İsveçrədəki etirazlar Qəzza zolağında müharibəyə, polis zorakılığına və faşizmin yüksəlişinə qarşı yönəlib.
Aksiyalara çağırışı isə radikal solçu qruplar edib.
Qeyd edək ki, Fransada, Almaniyada, Portuqaliyada, İtaliyada, Niderlandda, Banqladeşdə və Hindistanda da müxtəlif səbəblərdən kütləvi etirazlar keçirilib.
Aksiyaların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, mənzil və təhsil problemləri, əməkhaqlarının yüksəldilməsi tələbləri, siyasi narazılıqlar və Qəzza zolağındakı müharibəyə etiraz yer alır.
Bəzi ölkələrdə nümayişlər dinc xarakter daşısa da, digərlərində polis ilə etirazçılar arasında qarşıdurmalar yaşanıb, yollar bağlanıb və hüquq-mühafizə orqanları xüsusi vasitələrdən istifadə edib.
Beləliklə, müxtəlif sosial, iqtisadi və siyasi səbəblərdən qaynaqlanan etirazlar bir sıra ölkələrdə gündəmin əsas mövzularından birinə çevrilib.
Əliyar Xəlil
Globalinfo.az