“9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın müstəqillik tarixində xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyan əlamətdar gündür. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilib. Mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və tərəqqi ideallarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir”:
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Politoloq bildirib ki, Sovet hakimiyyəti illərində dövlətçilik atributu kimi istifadəsinə son qoyulan üçrəngli bayrağımızın yenidən yüksəldilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır:
“1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi tanınması məsələsi qaldırıldı. Nəticədə 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi təsdiqləndi. Bu tarixi ardıcıllıq göstərir ki, müstəqil dövlətçiliyimizin bərpasında Heydər Əliyevin siyasi iradəsi və milli dövlətçilik ənənələrinə sədaqəti həlledici rol oynayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətində də milli bayrağımıza ehtiram xüsusi yer tutur. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasına başlanılıb, 2010-cu il sentyabrın 1-də isə meydanın təntənəli açılışı keçirilib. Həmin dövrdə 162 metr hündürlüyündə bayraq dirəyinin ucaldılması Azərbaycanın dövlət rəmzlərinə verdiyi əhəmiyyətin beynəlxalq miqyasda nümayişi idi.

Züriyə Qarayeva
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə 9 noyabrın Dövlət Bayrağı Günü kimi təsis edilməsi isə bu tarixi ənənənin dövlət səviyyəsində əbədiləşdirilməsi oldu. Bu gün üçrəngli bayrağımız artıq yalnız müstəqilliyimizin deyil, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.
2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyimizin tam təmin olunması nəticəsində bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və digər azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Vaxtilə milli azadlıq arzularımızı ifadə edən üçrəngli bayrağımız bu gün qalib, güclü və suveren Azərbaycanın siyasi iradəsini təcəssüm etdirir. Bu baxımdan Dövlət Bayrağı Günü yalnız tarixi hadisənin anılması deyil, həm də milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcək nəsillər qarşısında daşıdığımız məsuliyyətin ifadəsidir”.
Turan Rzayev
Globalinfo.az