Sosial şəbəkələrdə Rusiyada bir hərbçinin döyüşə getməkdən imtina edən şəxsi qadın paltarı geyindirərək döydüyünü əks etdirdiyi iddia olunan görüntülər yayılıb. Hadisə müharibə şəraitində hərbi xidmətin məcburiliyi, əmrdən imtinanın hüquqi nəticələri və hərbçilərə qarşı rəftarın beynəlxalq hüquq baxımından hansı çərçivədə tənzimləndiyi ilə bağlı müzakirələrə səbəb olub.
Müharibə şəraitində hərbi xidmətə cəlb olunan şəxslərin döyüşə getməkdən imtina etmək hüququ varmı? Belə imtinaya görə tətbiq olunan cəzalar və videoda əks olunduğu iddia edilən alçaldıcı rəftar beynəlxalq humanitar hüquq və insan hüquqları baxımından necə qiymətləndirilir?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, 5 ildir Ukraynada davam edən müharibə Rusiya ordusunu kəskin şəxsi heyət çatışmazlığı problemi ilə üz-üzə qoyub:
“Buna görə də Rusiyada son illərdə hərbi xidmətə çağırış qaydaları qanunvericilik səviyyəsində daha da sərtləşdirilir, çağırış yaşı isə artırılaraq 30 yaşa çatdırılıb. Rusiya qanunvericiliyinə əsasən, hərbi xidmətə çağırışla bağlı göndəriş vərəqələri elektron qaydada tərtib edilir və elektron reyestrə daxil olunur. Bu mexanizm çağırışçının hərbi xidmətlə bağlı müvafiq hərbi komissarlıqlara gəlməsini təmin etməlidir. Bir çox hallarda isə müşahidə olunur ki, çağırışçının adı reyestrə daxil edildikdən sonra onun Rusiya ərazisindən çıxışına da məhdudiyyət qoyulur”.
Ekspert bildirib ki, digər tərəfdən, mövcud qanunvericiliyə görə hərbi xidmətdən yayınma ciddi hüquq pozuntusu kimi qiymətləndirilir və buna görə vətəndaşın üzərinə ağır məsuliyyət qoyulur:
“Hərbi xidmətdən yayınan şəxslərin həbs olunması, sonradan isə onların həbsxana və cəzaçəkmə müəssisələrindən hərbi xidmətə göndərilməsi barədə də kifayət qədər məlumatlar mövcuddur. Bu isə bir daha göstərir ki, Rusiya müharibənin canlı qüvvə baxımından yaratdığı itkiləri kompensasiya etməkdə ciddi problemlərlə üzləşir və bu problemin getdikcə daha da dərinləşəcəyi ehtimal olunur. Bu problemin həlli üçün Rusiya daxili resurslardan istifadə etməklə yanaşı, digər ölkələrdən daha çox sayda şəxsi döyüş əməliyyatlarına müxtəlif yollarla cəlb etməyə davam edəcək”.

Ədalət Verdiyev
Ə.Verdiyev əlavə edib ki, Rusiyada vətəndaşların zorla hərbi xidmətə göndərilməsi ilə bağlı çoxsaylı foto və video materiallar yayılır:
“Vətəndaşların bu məsələyə reaksiyaları da göstərir ki, hazırda hərbi komissarlıqlar xidmətə göndərilən şəxslərin real sağlamlıq vəziyyətini, diaqnozlarını və tibbi sənədlərini lazımi qaydada nəzərə almırlar. Bu isə çağırış planının yerinə yetirilməsi məqsədilə bir sıra qanunsuz hallara yol verirlər. Digər tərəfdən, hazırda Rusiyada hərbi xidmətə çağırışla məşğul olan müxtəlif səviyyəli qurumlar faktiki olaraq ilboyu fəaliyyət göstərirlər. Yəni hərbi xidmətə çağırış yalnız əvvəllər müəyyən edilmiş müddətlər çərçivəsində deyil, ilboyu və fasiləsiz davam edən prosesə çevrilib”.
Ekspertin fikrincə, əgər müharibə daha bir il davam edərsə, Rusiyanın canlı qüvvə çatışmazlığını kompensasiya etmək üçün çağırış yaşının yuxarı həddini mövcud 30 yaşdan 32 yaşa, hətta daha yuxarı həddə qaldırmaq məcburiyyətində qalması istisna edilmir.
Hüquqşünas Ramil Süleymanov deyib ki, bu, yolverilməz haldır və dövlət mütləq şəkildə belə hadisələrə və hallara diqqət yetirməlidir:
“Dövlət özü bu məsələyə ciddi nəzarət etməlidir. Hərbi xidmətdən imtina ilə bağlı Azərbaycan Respublikasında, eləcə də digər dövlətlərdə sülh və müharibə dövrü üçün xüsusi hüquqi qaydalar mövcuddur. Bir çox ölkələrdə, xüsusilə sülh dövründə alternativ hərbi xidmət imkanları da tətbiq olunur. Əgər Rusiyada bu sahədə mövcud qanunvericilik həqiqətən işlək vəziyyətdədirsə, həmin şəxs mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır”.

Ramil Süleymanov
R.Sükeymanov bildirib ki, həmin şəxsin yalnız dövlət qarşısında deyil, alçaldılmış şəxsin qarşısında da hüquqi məsuliyyəti yarana bilər:
“Belə ki, təhqir və ya alçaltmaya məruz qalan şəxsin mülki qaydada məhkəməyə müraciət edərək iddia qaldırmaq hüququ da var”.
Zaira Akifqızı
Globalinfo.az