Fransa “Qrenlandiya ssenarisi”nin öz adalarında təkrarlanmasından ehtiyat edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Paris ABŞ-ın Qrenlandiya ilə bağlı ambisiyaları fonunda, Fransanın dənizaşırı ərazilərinə – xüsusən Yeni Kaledoniya, Fransız Polineziyası və digər adalara yönəlik potensial marağından narahatdır.
“Təhlükə olduqca realdır. Qrenlandiyada baş verənlərin bənzəri Yeni Kaledoniyada və digər adalarda da yaşana bilər”, – adının anonim qalmasını istəyən fransalı nazirlərdən biri bildirib.
Narahatlıqlar ABŞ prezidenti Donald Trampın Sen-Pyer və Mikelon arxipelaqına – Fransa ərazisi sayılan bu adalara qarşı gömrük rüsumları tətbiq etməsindən sonra daha da güclənib.
Parisdə hesab olunur ki, bu addımlar ABŞ-ın regiondakı təsirini artırmaq niyyətində olduğunu və Fransanın suverenliyinə potensial təhdid yaratdığını göstərir.
Aysel Əliyeva
Globalinfo.az