Misir ordusunun tank əleyhinə imkanlarını gücləndirmək məqsədilə ABŞ-dan 2 mindən çox “Javelin” raketi alması planlaşdırılır. Satış paketinin ümumi dəyərinin 832 milyon dollar olduğu, digər xərclərlə birgə 1 milyarda çata biləcəyi bildirilir.
Globalinfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Misirin tələb etdiyi silah paketinin mümkün satışını təsdiqləyib. Qahirənin sifarişinə 2 020 ədəd FGM-148F “Javelin” raketi, eləcə də 200 ədəd yüngül komanda və buraxılış qurğusu daxildir.
Raketlərdən 20-nin sınaq məqsədilə istifadə olunacağı qeyd edilir.832 milyon dollarlıq paketə yalnız raket və buraxılış sistemləri deyil, həmçinin təlim avadanlıqları, simulyasiya sursatları, ehtiyat hissələri, texniki sənədləşmə, texniki xidmət və logistika dəstəyi daxildir.
ABŞ tərəfinin açıqlamasına görə, bu satışın Misirin suverenliyini və ərazi bütövlüyünü qorumaq imkanlarını gücləndirəcəyi gözlənilir. Proqram çərçivəsində Misirə əlavə ABŞ hökuməti və ya podratçı heyətinin göndərilməsi nəzərdə tutulmur.
Bununla belə, satış prosesi hələ yekunlaşmayıb. Silahların əsas təchizatçıları ABŞ-ın “Lockheed Martin” və “RTX” şirkətləri olacaq.
FGM-148F “Javelin” daşınan tank əleyhinə raket sistemi olub, əsasən zirehli texnikaya qarşı istifadə edilir. Sistem həm hədəfi yuxarıdan vurmaq, həm də birbaşa hücum rejimindən istifadə etmək imkanına malikdir.
Tahir Turan
Globalinfo.az