Erməni türkoloq Varujan Geqamyan ABŞ qoşunlarının İraqdan 23 il sonra çıxmasının Ermənistan üçün mümkün nəticələrini şərh edib.
Globalinfo.az xəbər verir, o bu barədə şəxsi Teleqram kanalında yazıb.
Türkoloq hesab edir ki, ABŞ-ın İraqdakı mövcudluğunun başa çatması bu ölkədə təhlükəsizlik və siyasi vəziyyətlə bağlı yeni suallar yaradır.
Geqamyan ABŞ-ın İraqdan çıxmasını Ermənistan üçün də xəbərdarlıq kimi qiymətləndirir. Onun fikrincə, Zəngəzurda həyata keçirilməsi nəzərdə tutulan və Ermənistanın “Tramp yolu” adlandırdığı nəqliyyat layihəsinin gələcəyi ilə bağlı ABŞ-ın siyasi dəstəyinə həddindən artıq güvənmək risklidir.
Türkoloq ABŞ prezidentinin dəyişməsi və ya Vaşinqtonun regiondakı iştirakının azalması halında Zəngəzurdakı layihənin gələcəyinin necə dəyişə biləcəyi ilə bağlı sual qoyur.
Geqamyanın fikrincə, belə bir ssenaridə Türkiyə və Azərbaycanın bölgədə daha böyük təsir imkanları qazanması, Ermənistanın isə gözlədiyi nəticələri əldə edə bilməməsi mümkündür.
Ekspert ABŞ qoşunlarının İraqdan çıxmasını İran üçün strateji əhəmiyyət daşıyan hadisə kimi təqdim edib. Onun sözlərinə görə, İraqda ABŞ hərbi mövcudluğunun başa çatması Tehran üçün əlavə imkanlar yarada bilər.
Qeyd edək ki, ABŞ-ın İraqdan çıxışı 2024-cü ildə Vaşinqton və Bağdad arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilib. ABŞ hərbi qüvvələrinin ölkədən tam çıxarılması üçün 30 sentyabr 2026-cı il son tarix müəyyən edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az