rusvet manat

“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi təqdim olunub. Belə ki, qanun layihəsinə görə, korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək və bu gəlir vergisindən azad olunacaq.

Layihədə qeyd edilir ki, verilmiş məlumat öz təsdiqini tapdıqda, məlumat verən şəxsə təşkilatın büdcəsi hesabına, büdcə təşkilatlarına münasibətdə isə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına, təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.

Etiraf etmək lazımdır ki, maraqlı təklifdir. Xüsusilə də veriləcək mükafat baxımından.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü birgə iclasında müzakirəyə çıxarılsa da, daha böyük müzakirə sosial şəbəkələrin Azərbaycan seqmentində gedir.

İnsanlar məsələyə ironiya ilə yanaşır, hətta bunu xəbərçiliyin qanuniləşdirilməsi kimi başa düşürlər.

Bəhsi keçən məsələ ilə bağlı da təzadlı bir vəziyyət yaranıb. Yeni qanun layihəsi korrupsiya ilə mübarizəyə yönəlsə də, ictimaiyyətin bir hissəsi bunu xəbərçiliyin leqallaşdırılması kimi başa düşür. Halbuki ilin 365 günü rüşvətdən, korrupsiyadan və özbaşınalıqdan şikayət edən də elə bu cəmiyyətin özüdür.

Korrupsiya ilə mübarizədə təşviq vasitəsi kimi irəli sürülən bu təklifdə, qeyri-adi bir şey yoxdur.

Tarix boyu dövlətlər cəmiyyətin davranışını dəyişdirmək, müəyyən qaydaları qəbul etdirmək və ya islahatları sürətləndirmək üçün bəzən olduqca sərt, hətta bu gün bizə qəribə görünən üsullardan istifadə ediblər.

Misal üçün, bu gün dünyanın qibtə etdiyi alman dəqiqliyi və intizamı da məhz çox absurd bir qanunla əldə edilib. Belə ki, Alman kralı I Otto (912–973) paytaxtın küçələrini gəzərkən evlərin baxımsız və yolların pis, insanların isə tənbəl olduğunu görür və bir gün əmr verir ki, hər bir alman hər il evini təmir etsin və rəngləsin, evinin önündəki yolu düzəltsin. Bunu etməyən şəxsi qonşusu krala şikayət etdiyi təqdirdə, həmin şəxsin evi ya şikayət edən qonşuya verilə, ya da qonşu tərəfindən talana bilərdi.

Rusiya imperiyasının çarı I Pyotr rus cəmiyyətini Qərbi Avropa nümunəsində dəyişdirmək məqsədilə bir sıra geyim və görünüş islahatları həyata keçirmişdi.

1705-ci ildə saqqal saxlamaq istəyən şəxslər üçün saqqal vergisi tətbiq edildi. Vergini ödəyənlərə bunu təsdiq edən xüsusi nişan, yəni “saqqal jetonu” verilirdi.

Osmanlı imperiyasında da II Mahmud dövründə geyim islahatları həyata keçirildi. 1829-cu il Kıyafet Nizamnaməsi ilə dövlət qulluqçuları və hərbçilər üçün fes, setrə və şalvar kimi yeni geyim qaydaları müəyyənləşdirildi. Bu islahat Osmanlı dövlətinin Qərb tipli idarəçilik və ordu qurmaq cəhdlərinin bir hissəsi idi.

Qanuna uymayanlar isə ya cəzalandırılır, ya da başı kəsilirdi. Qanuna uymayanlar haqqında məlumat verənlər isə bir gümüşlə mükafatlandırılırdı.

Daha sonra Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk dövründə isə istiqamət dəyişdi. Bir vaxtlar II Mahmudun islahatlarının simvollarından birinə çevrilmiş fes bu dəfə yeni respublikanın modernləşmə siyasətində köhnə sistemin simvolu kimi qəbul edildi və 1925-ci ildə Şapka Qanunu qəbul edildi.

Maraqlı olan budur ki, qanuna zidd hərəkət edənlər üçün 3 aya qədər yüngül həbs və ya 10-200 lirə arası pul cəzası tətbiq edilirdi.

Belə nümunələrə tarixdə çox rast gəlmək mümkündür. Bəzən dövlət cəmiyyətin müəyyən davranışını dəyişmək üçün vergi tətbiq edir, bəzən mükafat verir, bəzən məcbur edir, bəzən isə qanunla müəyyən davranışı qadağan edir.

Cəmiyyət isə bir çox hallarda yeniliyə dərhal açıq olmur.

Dünyanın əksər coğrafiyasında belə olub. Hətta cəmiyyətin xeyrinə olduğu düşünülən qərarlar belə ilk mərhələdə istehza, müqavimət və narazılıqla qarşılaşa bilib.

Bu baxımdan korrupsiya barədə məlumat verən şəxsin mükafatlandırılması təklifinə də “xəbərçilik” prizmasından baxmaq düz deyil.

Sizcə, korrupsiyaya göz yummaqmı yaxşıdır, yoxsa korrupsiya barədə məlumat verməkmi?

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: