İsveç NATO-nun şərq cinahında müdafiə imkanlarının gücləndirilməsi məqsədilə Polşada “Patriot” zenit-raket kompleksləri yerləşdirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bunu İsveçin Baş naziri Ulf Kristersson açıqlayıb.
Baş nazirin sözlərinə görə, Ukraynaya hərbi yardımın çatdırılması üçün istifadə olunan NATO logistika mərkəzinin mühafizəsinə İsveç hərbçiləri də cəlb ediləcəklər. Bu məqsədlə Polşaya 100-ə yaxın İsveç hərbçisinin göndərilməsi planlaşdırılır.
Bildirilir ki, İsveç hərbi kontingenti Polşada hazırda bu missiyanı həyata keçirən Niderland qüvvələrini əvəz edəcək.
Məlumata görə, “Patriot” sistemlərinin Polşada yerləşdirilməsinə dekabr ayında başlanması nəzərdə tutulur.
Qeyd edək ki, Polşa sentyabr ayında raket əleyhinə müdafiə koalisiyasına qoşulub. Koalisiyanın tərkibinə Ukrayna ilə yanaşı, Böyük Britaniya, Almaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və İsveç daxildir.