scale 1200 1

Azərbaycanda buğda, un və çörəyin qiymətləri ilə bağlı yeni dəyişiklik gündəmdədir.

Globalinfo.az xəbər verir ki, buğdanın idxalı və satışı, həmçinin buğda ununun və çörəyin istehsalı və satışı üzrə əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də başa çatır.

Sözügedən vergi güzəşti 2016-cı ildən tətbiq olunur. Bu addımın əsas məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarında qiymət artımının qarşısını almaq və daxili bazarda sabitliyi qorumaqdır.

Güzəştin tətbiqi nəticəsində son illərdə manatın məzənnəsindəki dəyişikliklərin və dünya bazarında buğdanın qiymətinin yüksəlməsinin çörəyin qiymətinə təsiri müəyyən qədər məhdudlaşdırılıb.

İndi isə əsas sual bu güzəştin müddətinin 2027-ci ildən sonra da uzadılıb-uzadılmayacağı ilə bağlıdır.

İqtisadçı Xalid Kərimli hesab edir ki, güzəştin müddətinin artırılması ehtimalı var.

Onun sözlərinə görə, un məhsullarının bahalaşması hökumətin mövcud sosial siyasətinə uyğun deyil. Bundan əlavə, son illərdə ərzaq qiymətlərinin sürətlə artması və un məhsullarının sosial baxımdan həssas əhalinin ərzaq xərclərində əhəmiyyətli yer tutması güzəştlərin davam etdirilməsində maraqlı olmağa əsas verir.

İqtisadçı qeyd edib ki, vergi güzəştinin ləğvi yerli buğda istehsalı və un istehsalının avtomatik şəkildə artacağı anlamına gəlmir.

Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda yerli buğda istehsalı ölkənin ümumi buğda tələbatının yalnız 55-60 faizini, ərzaqlıq buğda ehtiyacının isə təxminən 25 faizini qarşılayır.

O bildirib ki, hökumətin əsas planlarından biri ölkə daxilində ərzaqlıq buğda istehsalının artırılmasıdır.

İqtisadçı hesab edir ki, mövcud vergi güzəştlərinin ləğvi un məhsullarının qiymətində təxminən 18 faizlik artıma səbəb ola bilər.

Paylaş: