Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmik agentliklərinin rəhbərləri Antalyada kosmik sənaye sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Globalinfo.az xəbər verir ki, saziş çərçivəsində Türk dövlətlərinin birgə layihələr həyata keçirməsi, o cümlədən CubeSat tipli ortaq peykin hazırlanması nəzərdə tutulur.
Sənəd 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində imzalanıb. Razılaşmanın əsas məqsədi türk dövlətləri arasında kosmik sahədə əməkdaşlığı daha sistemli və praktiki mərhələyə keçirməkdir.
İlk birgə layihələrdən biri olacaq CubeSat peykinin hazırlanması zamanı TDT ölkələrinin texniki imkanlarının, təcrübəsinin və resurslarının birləşdirilməsi planlaşdırılır. Sazişdə iştirakçı ölkələrin məsuliyyət sahələri, həmçinin layihənin texniki, maliyyə, hüquqi və əməliyyat şərtləri müəyyən ediləcək.
Gələcəkdə əməkdaşlığın peyklərin hazırlanması, Yerin məsafədən zondlanması, kosmik elmlər, tədqiqat və innovasiya layihələri, eləcə də mütəxəssis hazırlığı sahələrini əhatə etməsi nəzərdə tutulur.
Bu əməkdaşlığın türk dövlətlərinin kosmik sahədə mövcud imkan və təcrübəsini bir araya gətirməklə regionda vahid kosmik ekosistemin formalaşmasına töhfə verəcəyi gözlənilir.
Əliyar Xəlil