“Avropa siyasi məkanında son illərdə baş verən proseslər artıq gizlədilə bilməyən bir reallığı üzə çıxarır. Belə ki, “dəyərlər siyasəti” kimi təqdim olunan yanaşma getdikcə daha çox selektiv və məqsədli təsir alətinə çevrilir”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun erməni lobbisi və Avropa institutları ilə əlaqələri, eləcə ölkəmizə qarşı fəaliyyəti haqda danışarkən deyib:
O bildirib ki, rəsmi bəyanatlarda hüquq, demokratiya və şəffaflıq ön plana çəkilsə də, praktiki müstəvidə qərarların formalaşması prosesində qeyri-formal şəbəkələrin, lobbi qruplarının və siyasi sifarişlərin rolu açıq şəkildə hiss olunur:
“Bu isə Avropa institutlarının daxili məntiqində ciddi ziddiyyətlərin formalaşdığını göstərir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Luis Moreno Okampo, Cozef Borrel və Ursula fon der Leyen kimi fiqurların adlarının müxtəlif mübahisəli kontekstlərdə hallanması təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.
Leyen və Borrel
Bu daha çox sistem daxilində qərarvermə mexanizmlərinin qeyri-şəffaflaşması və təsir kanallarının institusional çərçivədən kənara çıxmasının göstəricisidir. Ümumiyyətlə, Aİ daxilində lobbiçilik fəaliyyəti formal olaraq qanuni sayılsa da, onun faktiki tətbiqi getdikcə daha çox siyasi manipulyasiya xarakteri alır.
Müşahidə olunan tendensiyalar göstərir ki, bəzi hallarda lobbiçilik artıq sadəcə maraqların ifadəsi deyil, konkret qərarların hazırlanması, informasiya mühitinin yönləndirilməsi və müəyyən ölkələrə qarşı məqsədli siyasi təzyiq mexanizmlərinin qurulması ilə müşayiət olunur. Bu isə sistemin öz daxilində nəzarət mexanizmlərinin zəiflədiyini və siyasi təsirin qeyri-rəsmi kanallar vasitəsilə həyata keçirildiyini göstərir. Bundan da ciddi məsələ isə Avropa institutlarının daxilində qeyri-formal təsir şəbəkələrinin potensial mövcudluğudur.
Belə bir vəziyyət isə yalnız korrupsiya və ya etik pozuntu kimi deyil, daha geniş miqyasda institusional idarəetmə böhranı kimi qiymətləndirilməlidir. Çünki bu halda qərarların legitimliyi, obyektivliyi və müstəqilliyi sual altına düşür. Eyni zamanda, Avropanın “normativ güc” modeli də real siyasətin təzyiqi altında öz ilkin məzmununu itirir. Demokratiya və insan hüquqları kimi anlayışlar universal prinsiplər kimi təqdim olunsa da, onların tətbiqində seçmə yanaşma artıq açıq şəkildə müşahidə olunur. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi maraqlar və regional təsir uğrunda rəqabət fonunda bu prinsiplərin siyasi alət kimi istifadə edilməsi beynəlxalq hüququn obyektivliyinə ciddi zərbə vurur. Azərbaycan üçün bu yanaşma yalnız nəzəri problem deyil, konkret geosiyasi nəticələr yaradan amildir”.
Luis Moreno Okampo
Ekspert deyib ki, ölkəmiz Avropanın enerji təminatında mühüm rol oynamaqla yanaşı regionda yeni nəqliyyat və iqtisadi inteqrasiya layihələrinin mərkəzində dayanır:
“Belə bir şəraitdə Azərbaycana qarşı formalaşdırılan qərəzli siyasi mövqelər və təzyiq cəhdləri yalnız siyasi deyil, eləcə də iqtisadi və təhlükəsizlik baxımından risklər yaradır. Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirən digər amil isə Ermənistan daxilində siyasi proseslərə kənar təsir ehtimallarıdır. Nikol Paşinyanın rəhbərliyində ölkənin daxili siyasi mühiti onsuz da həssasdır və bu mühitə xarici müdaxilə cəhdləri regionda əlavə gərginlik yarada bilər. Belə ssenarilər yalnız bir ölkənin daxili işi deyil, bütövlükdə regional sabitliyə yönəlmiş təhlükə kimi qiymətləndirilməlidir.
Nəticə etibarilə, müasir beynəlxalq sistem getdikcə daha çox qeyri-formal təsir alətlərinin dominant olduğu mühitə çevrilir. Transmilli şəbəkələr güclənir, informasiya siyasi təsir vasitəsinə çevrilir və qərarvermə mexanizmləri getdikcə daha az şəffaf olur”.
Turan Rzayev
Globalinfo.az