abs iran 99 900x596 1

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə danışıqları bərpa etməyə razılaşdığını bildirib. Onun sözlərinə görə, İran yeni müharibə riskinin qalmasına baxmayaraq, dialoq imkanından istifadə etməlidir.

Bununla yanaşı, İrana hücumlar da davam edir.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ-la danışıqların bərpasına hazır olduqlarını bəyan etməsi bir qədər ziddiyyətli bəyanatdır:

“Çünki iki gün əvvəl İran xarici işlər nazirinin müavini ölkənin ABŞ-la Anlaşma Memorandumundan çıxdığını bəyan etmişdi. Amma buna baxmayaraq, diplomatik dialoqa hazırlıq mesajı müsbət qiymətləndirilə bilər. Onsuz da İranın nə deməsindən asılı olmayaraq, üçüncü ölkələr vasitəsilə bu danışıqlar davam edir.

Hazırki mənzərə və qarşılıqlı şəkildə verilən bəyanatalr onu göstərir ki, tərəflər eyni vaxtda həm hərbi təzyiq vasitəsilə üstünlük əldə etməyə, həm də diplomatik kanalları tam bağlamamağa çalışırlar. Yəni başqa sözlə, hazırkı mərhələdə diplomatiya və hərbi çəkindirmə paralel şəkildə işləyən iki alətə çevrilib.

Mövcud proseslər hələ ki, idarə olunan eskalasiya kimi qiymətləndirilə bilər. Həm Vaşinqton, həm də Tehran tammiqyaslı müharibənin nəticələrinin öz maraqlarına uyğun olmadığunu kifayət qədər yaxşı anlayırlar. ABŞ üçün belə bir müharibə regionda uzunmüddətli hərbi iştirak, yüksək maliyyə xərcləri və qlobal enerji bazarında yeni böhran deməkdir. İran üçün isə genişmiqyaslı müharibə iqtisadiyyatın daha da zəifləməsi, hərbi infrastrukturun ciddi zərər görməsi və daxili siyasi sabitlik üçün əlavə risklər yarada bilər. Buna görə də hər iki tərəf müəyyən “qırmızı xətləri” keçməməyə çalışır, lakin qarşı tərəfə təzyiq imkanlarını da itirmək istəmir”.

yusif 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, yaxın aylarda müharibənin müəyyən dövrlərdə daha da şiddətlənməsi mümkündür:

“Xüsusilə raket və pilotsuz uçuş aparatları ilə zərbələrin, kiberhücumların və regiondakı silahlı qruplar vasitəsilə aparılan dolayı qarşıdurmaların davam etməsi daha real görünür. Bununla belə, bu eskalasiyanın avtomatik olaraq tammiqyaslı müharibəyə çevriləcəyini söyləmək üçün hələ kifayət qədər əsas yoxdur. ABŞ da bundan maksimum qaçır və ona görə hətta ən yaxın müttəfiqi İsrailin belə hərbi əməliyyatlara qoşulmasına imkan vermir.

Quru əməliyyatı məsələsinə gəldikdə isə, hazırkı şəraitdə bunun ehtimalını aşağı hesab edirəm. İranın ərazisi, coğrafiyası, əhali sayı və hərbi imkanları nəzərə alınarsa, belə bir əməliyyat son dərəcə mürəkkəb və böyük resurs tələb edən hərbi kampaniya olardı. Bu səbəbdən ABŞ-ın əsas strategiyasının hava zərbələri, kəşfiyyat əməliyyatları, iqtisadi sanksiyalar və regional tərəfdaşlar vasitəsilə təzyiq göstərməkdən ibarət qalacağı daha inandırıcı görünür. İranın Çin, Hindistan, Rusiya və digər istiqamətlərdə magistral yollarının, limanların, dəmiryolu və körpülərinin hədəfə alınması və dəniz blokadasının tətbiqi də məhz buna xidmət edir. Məqsəd son nəticədə İranı Hörmüzə möhtac qoymaq və Tehranın boğaz üzərində nəzarət tələblərindən imtinasına nail olmaqdır.

Quru əməliyyatı yalnız müəyyən istisna hallarda gündəmə gələ bilər. Məsələn, İranın nüvə proqramı ilə bağlı fövqəladə vəziyyət yaranar, ABŞ qüvvələrinə qarşı çoxsaylı itkilərlə nəticələnən hücum baş verərsə və ya İran Hörmüz boğazını uzun müddət bağlı saxlaya bilərsə, məhdud miqyaslı xüsusi təyinatlı əməliyyatların keçirilməsi ehtimalı arta bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: