dollar esas

Türkiyə lirəsi ardıcıl 27-ci həftə tarixi minimumunu yeniləyir. Bildirilir ki, milli valyutanın dollar qarşısında rekord səviyyədə ucuzlaşması Türkiyə ilə yanaşı, onun iqtisadi və siyasi təsir dairəsində olan ölkələr üçün də mühüm nəticələr yarada bilər.

Lirənin belə sürətli dəyər itkisi bölgəyə, o cümlədən Azərbaycana nə vəd edir? Türkiyə lirəsinin ucuzlaşması bölgədə iqtisadi balansı dəyişə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, lirənin ucuzlaşması yeni və ya gözlənilməz hal deyil:

“Artıq uzun illərdir lirə dəyər itirir. Sadəcə, 2022-2023-cü illərdə pandemiyanın təsiri ilə bu proses daha sürətli baş verirdi. Lirənin ucuzlaşması Azərbaycanın Türkiyədən idxal etdiyi malların manat ifadəsində daha ucuz başa gəlməsi deməkdir. Bu isə Türkiyədən məhsul idxalını stimullaşdırır. Əvvəllər Türkiyə mallarını və ya bu ölkədə istirahəti baha hesab edən insanlar lirənin ucuzlaşması səbəbindən bunlardan daha sərfəli qiymətlərlə yararlana bilirlər. Çünki qiymətlər əsasən lirə ilə formalaşır. Bunun əksinə olaraq, lirənin dəyər itirməsi Türkiyəyə ixracı müəyyən qədər çətinləşdirir. Azərbaycandan Türkiyəyə məhsul satanlar üçün həmin malların lirə ilə qiyməti yüksəlmiş olur ki, bu da rəqabət qabiliyyətini azalda bilər”.

xalid 2

Xalid Kərimli

İqtisadçı bildirib ki, Türkiyə mənşəli məhsul və xidmətlərin ucuzlaşması idxal inflyasiyasının səviyyəsini də müəyyən qədər aşağı salır:

“Lakin bunun müqabilində Türkiyə bazarına məhsul çıxarmaq istəyən ixracatçıların işi bir qədər çətinləşir. Bütün hallarda lirənin ucuzlaşmasının iqtisadi balansda ciddi dəyişiklik yaradacağı gözlənilmir. Çünki lirə təxminən 23 ildir dəyər itirir və ölkə iqtisadiyyatı bu şəraitə uyğunlaşmağı bacarıb. Həm Türkiyənin özü, həm də ticarət tərəfdaşları məzənnə və inflyasiya risklərini nəzərə alaraq fəaliyyət göstərirlər. Müqavilələr, qiymət siyasəti və istehsal xərcləri də bu reallığa uyğun şəkildə idarə olunduğundan, lirənin növbəti ucuzlaşmasının ciddi problemlər yaratması gözlənilmir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: