İranın xarici işlər naziri Abbas Əraqçi mərhum ali lider Seyid Əli Xameneinin əsas xüsusiyyətlərindən birinin ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönələn siyasət olduğunu deyib.
Onun sözlərinə görə, bu xüsusiyyət həm tərəfdarları, həm də siyasi rəqibləri tərəfindən qəbul edilirdi. Nazir əlavə edib ki, məhz həmin ali liderin rəhbərliyi dövründə İran İslam Respublikasının diplomatiyasının əsasını təşkil edən və bu gün də ölkənin xarici siyasət kursunu müəyyənləşdirən üç fundamental prinsip – “izzət, hikmət və məsləhət” formalaşdırılıb və dövlət siyasətində təsbit edilib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin və digər yüksək rütbəli hərbi-siyasi rəhbərlərin eyni vaxtda keçirilən görüşlər zamanı hədəfə alınaraq öldürülməsi ilə bağlı səsləndirilən iddialar təhlükəsizlik və kəşfiyyat sistemində ciddi sızmaların olduğunu göstərir:
“Necə ola bilərdi ki, eyni anda müxtəlif iclasların keçirildiyi məkan və vaxt barədə dəqiq məlumat əldə edilərək koordinasiyalı hücumlar təşkil olunsun?
Əraqçi də müsahibəsində etiraf edir ki, İranın kəşfiyyat strukturlarında informasiya sızması baş verib, nəticədə görüşlərin yeri, vaxtı və digər əməliyyat xarakterli məlumatlar əvvəlcədən qarşı tərəfə ötürülüb. Bu isə İran daxilində fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsinin kifayət qədər geniş imkanlara malik olduğu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ordu, eləcə də digər təhlükəsizlik strukturlarına qədər nüfuz edə bildiyi mənasına gəlir.

Məhəmməd Əsədullazadə
Əraqçi həmçinin bu hadisənin İran kəşfiyyat sisteminin zəif tərəflərini və hakimiyyət daxilində mövcud olan ciddi fikir ayrılıqlarını üzə çıxardığını vurğulayır. Onun fikrincə, müxtəlif güc mərkəzləri arasında rəqabət və qarşıdurma ölkənin təhlükəsizlik sistemini zəiflədərək fundamental problemə çevrilib.
Fikrimcə, bu müsahibənin əsas mesajı ondan ibarətdir ki, İran rəhbərliyi daxilində qarşılıqlı etimad böhranı dərinləşir. Xüsusilə də prezident və onun komandasının ölkənin təhlükəsizlik və hərbi elitasına tam etimad göstərmədiyi barədə irəli sürülən qiymətləndirmələr bu böhranın miqyasını göstərən əsas məqamlardan biridir”.
Turan Rzayev
Globalinfo.az