usaq usaqpulu 100manat 900x490 1

Ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrdə aparılan yoxlamalarla bağlı müxtəlif fikirlər var. İddialara görə, yoxlama zamanı evdə kompüter aşkar edildiyi təqdirdə sosial yardım dayandırıla bilər. Vətəndaşlar bildirirlər ki, məktəblilərin yaşadığı evdə kompüterin olması təbii hal kimi dəyərləndirilməlidir.

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ünvanlı dövlət sosial yardımı alan ailələrdən daxil olan müraciətlərdən xəbərdardır:

“Bir çox vətəndaşlar deyirlər ki, sosial yardımın növbəti qiymətləndirilməsi və ya monitorinqi zamanı evdə kompüter, noutbuk və ya digər elektron avadanlıq aşkar edildiyinə görə onların sosial yardımı dayandırılıb və ya dayandırılacağı barədə xəbərdarlıq edilib. Əgər iddialar həqiqəti əks etdirirsə, bu, sosial müdafiə sistemində çox təhlükəli və yanlış idarəetmə yanaşmasının formalaşdığını göstərir.

Azərbaycan Respublikasının qanunvericiliyində məktəbli uşağın istifadə etdiyi kompüterin və ya noutbukun mövcudluğu ünvanlı dövlət sosial yardımının dayandırılması üçün ayrıca hüquqi əsas kimi müəyyən edilməyib. Ünvanlı dövlət sosial yardımı ailənin ehtiyac meyarı, gəlirləri, əmlak vəziyyəti və qanunvericiliklə müəyyən edilmiş digər göstəricilər əsasında qiymətləndirilməlidir. Heç bir normativ hüquqi akt kompüteri var-dövlət göstəricisi kimi təsnif etmir. Ən böyük problem isə bəzi hallarda qanunun ruhunun deyil, yalnız zahiri əlamətlərin əsas götürülməsi ilə bağlıdır.

Praktikada vətəndaşlardan tez-tez belə şikayətlər eşidirik: evdə köhnə televizorun, illər əvvəl kreditlə alınmış soyuducu və ya paltaryuyan maşının, qohumun hədiyyə etdiyi kompüterin, ikinci əl noutbukun, tələbə övladın istifadə etdiyi planşetin, hətta işləməyən avtomobilin ailənin adına olması onların imkanlı kimi qiymətləndirilməsinə səbəb olur. Fikrimcə, bu yanaşma son dərəcə təhlükəlidir”.

İqtisadçı bildirib ki, əgər ailənin aylıq gəliri yaşayış minimumundan aşağıdırsa, işsiz valideynlər sosial çətinlik içərisində yaşayırsa, uşaqlar dövlət məktəbində təhsil alırsa, yalnız evdə kompüter olduğuna görə həmin ailəni sosial yardım hüququndan məhrum etmək nə hüququn, nə də sosial ədalətin prinsiplərinə uyğun gəlir:

“2026-cı ildə kompüter su, işıq və internet qədər vacib təhsil alətinə çevrilib. Məktəblərdə elektron jurnal tətbiq edilir və ev tapşırıqları da elektron platformalarda yerləşdirilir. Universitetlər distant təhsil imkanlarından istifadə edir. Dövlət xidmətlərinin böyük hissəsi rəqəmsallaşdırılıb, iş elanlarının əksəriyyəti internet üzərindən təqdim edilir. Elektron hökumət xidmətləri, vergi, sosial sığorta, bank xidmətləri, hətta həkim qəbuluna yazılma belə rəqəmsal platformalarda həyata keçirilir. Belə olan halda kompüteri yoxsulluğun əksi kimi təqdim etmək 21-ci əsrin reallıqlarına uyğun gəlmir. Əksinə, kasıb ailənin övladının təhsil ala bilməsi üçün kompüterə daha çox ehtiyacı var.

Burada başqa ciddi bir problem də mövcuddur. Əgər sosial müfəttişlərin fəaliyyətində vahid metodologiya yoxdursa, müxtəlif rayonlarda eyni vəziyyətdə olan ailələr barədə fərqli qərarlar qəbul edilə bilər. Bir rayonda məktəbli uşağın kompüteri adi təhsil vasitəsi hesab olunur, digər rayonda isə ailənin “imkanlı olması” kimi qiymətləndirilir. Belə fərqli yanaşmalar hüquqi bərabərlik prinsipini pozur və vətəndaşlarda dövlətə inamsızlıq yaradır”.

asif 1

Asif İbrahimov

A.İbrahimovun fikrincə, digər mühüm məsələ qərarların şəffaflığıdır:

“Minlərlə vətəndaş sosial yardım dayandırıldıqdan sonra yalnız qısa SMS alır və ya elektron kabinetdə “meyarlara uyğun gəlmirsiniz” qeydi ilə qarşılaşır. Amma deyən yoxdur ki, hansı meyar, hansı gəlir, hansı əmlak, hansı hesablamalar? Bunların əksəriyyəti vətəndaşa izah edilmir. Şəffaf olmayan qərarlar isə istər-istəməz müxtəlif şayiələrin yaranmasına səbəb olur. Nəticədə insanlar belə düşünür ki, evdə kompüter, televizor və ya soyuducu varsa, artıq sosial yardım almaq mümkün deyil”.

İqtisadçı deyib ki, bəzi şəxslər gəlirlərini gizlədir, bahalı əmlakı qohumlarının adına rəsmiləşdirir, faktiki yüksək gəlir əldə etdikləri halda sosial yardım almağa çalışırlar:

“Belə hallarla mübarizə qətiyyətlə aparılmalıdır. Lakin saxta məlumat təqdim edənlə, məktəbli uşağı üçün ikinci əl kompüter alan aztəminatlı ailə eyni meyarla qiymətləndirilə bilməz.

Fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) monitorinq zamanı istifadə olunan qiymətləndirmə meyarlarını tam ictimaiyyətə açıqlamalı, sosial müfəttişlər üçün vahid metodiki göstərişləri dərc etməli və məktəbli uşaqların təhsil məqsədilə istifadə etdiyi kompüter, planşet və digər rəqəmsal vasitələrin hansı hallarda nəzərə alındığını və ya alınmadığını rəsmi şəkildə izah etməlidir.

Əgər belə izahat verilməzsə, cəmiyyətdə “təhsil almaq kasıb ailə üçün riskdir” kimi son dərəcə yanlış və təhlükəli düşüncə formalaşa bilər. Sosial dövlət anlayışı vətəndaşın əlindəki kompüteri deyil, onun real həyat şəraitini qiymətləndirməyi tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: