Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin sentyabrından məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək.
Yeni fənləri tədris edən müəllim heyəti varmı?
Globalinfo.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, son illərdə yenilənən ümumi təhsil proqramlarında (kurikulumlarda), xüsusilə informatika kurikulumunda informasiya və media savadlılığının, rəqəmsal səriştələrin və təhlükəsiz rəqəmsal davranış bacarıqlarının formalaşdırılması hədəflənir:
“İnformatika fənninin məzmunu çərçivəsində təhsilalanlar kibercinayətkarlığın müxtəlif formaları, fərdi və həssas məlumatların qorunması, internet resurslarının etibarlılığının qiymətləndirilməsi, rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, eləcə də süni intellekt texnologiyalarının imkanları və riskləri barədə biliklər əldə edirlər. Bununla yanaşı, ümumi təhsil müəssisələrində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi vasitəsilə şagirdlərdə proqramlaşdırma, alqoritmik düşüncə, rəqəmsal savadlılıq və müasir texnologiyalardan istifadə bacarıqları formalaşdırılır. Layihə çərçivəsində son illərdə süni intellekt alətlərindən istifadə, süni intellekt texnologiyaları və s. kimi müasir mövzular da tədris prosesinə inteqrasiya edilib.
Eyni zamanda, ümumi təhsil müəssisələrində həyata keçirilən STEAM layihəsi çərçivəsində təhsilalanlarda tənqidi düşünmə, problemlərin həlli, mühəndislik yanaşması, proqramlaşdırma və innovativ texnologiyalardan istifadə bacarıqları inkişaf etdirilir ki, bu da süni intellekt və rəqəmsal texnologiyalar üzrə biliklərin mənimsənilməsi üçün mühüm zəmin yaradır. Müəllimlərin bu sahədə peşəkar inkişafının dəstəklənməsi məqsədilə mütəmadi təlimlər, metodiki dəstək proqramları və müvafiq tədbirlər təşkil olunur. Bunun nəticəsində müəllimlər kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və süni intellekt texnologiyalarının tədrisi üzrə zəruri bilik və bacarıqlar əldə edirlər.
Beləliklə, süni intellekt və kibertəhlükəsizliklə bağlı mövzuların tədrisi üçün həm müvafiq təhsil məzmunu, həm də bu sahədə hazırlıq keçmiş müəllim potensialı formalaşdırılır”.
Ləman İmran
Globalinfo.az