Türk dünyası üçün mühüm tarix: Naxçıvanda başlayan yeni dövr

Bu gün 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. 2009-cu ilin 3 oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə Türk Şurasının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) yaradılması haqqında Bəyannamə imzalanıb. 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbul sammitində bu tarix “Türkdilli Xalqların Həmrəyliyi Günü” (Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü) kimi təsis olunub.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib.

Maraqlıdır, bu gün Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan nə kimi töhfələr verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır:

“Dünya sivilizasiyasına böyük töhfələr vermiş türk ölkələrinin güclənməsi, birləşməsi türk dövlətlərinin təşkilatlanmasını labüd edirdi. Məhz bu səbəbdən türk dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə türkdilli dövlətlər xalqları arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi, ortaq bağların və ənənələrin unutdurulmaması, regionda sülhün möhkəmləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalandı. Bugündən etibarən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı.

Baş katibi qazaxıstanlı Bağdad Amreyev, katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı qoyulub. 4 üzvlə yaranan təşkilatın hazırda beş üzv və iki müşahidəçi ölkəsi var”.

Politoloqun sözlərinə görə, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi, iki türk dövləti arasında olan qardaşlıq münasibətləri bu gün digər türk dövlətləri ilə intensiv əməkdaşlığa da sirayət edib:

“Azərbaycan Türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun Katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.

Züriyə Qarayeva

Xüsusən Vətən müharibəsindən sonra ölkəmizin Türk dünyası üçün əhəmiyyəti daha da artıb. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər bütün Türk dünyasının zəfəridir. Təsadüfi deyil ki, 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Türk coğrafiyasının birləşməsi perspektivini yaradan Zəngəzur dəhlizi bu ölkələrin birliyinə qarşı yazılmış ssenarilərə kökündən zərbə endirir. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək”.

Turan Rzayev
Globalinfo.az