Prezidentə və ailəsinə hücumlar var – Zahid Oruc

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc martın 5-də keçirilən plenar iclasda deyib.

Deputat müəyyən şəxslərin bu addımlarla Azərbaycanın qələbəsinin simvolu olan şəxsi ləkələməyə çalışdıqlarını bildirib:

“Xalqın müdafiəsi və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsin səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər ölkəyə silahlı xarici təcavüzçülərdən heç nə ilə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenlyi, Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.

Z.Oruc qeyd edib ki, ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər:

“Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı-Peqasus, Panama, Pandora və Paradise sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir”.

“İkinci qrupa, erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az