Vaşinqton Çinlə qarşıdurmanı seçdi – Yardım qərarı dünyanı qarışdıracaq

ABŞ Senatı 70 lehinə, 29 əleyhinə olmaqla Ukrayna, İsrail və Tayvana 95 milyard dollar yardım göstərilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Burda Tayvan məsələsi daha çox diqqət çəkir. Çinlə qarşıdurma daha da kəskinləşə bilər. Yəqin dərhal o vəsait 3 ölkəyə verilməyəcək. Ən azından prosedur gərəyi bir neçə ay çəkəcək. İstənilən halda, ABŞ ondan gözlənilən addımı atmağa başladı.

Maraqlıdır, Nümayəndələr Palatası buna razılıq verəcəkmi? Bu yardıma razılıq verilsə belə, nə zaman həyata keçəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, hazırkı geosiyasi reallıqlar kontekstində məsələyə baxsaq, yəni FED-in nəzarətində olan ABŞ hökumətinin dünyanı fəlakətə sürükləmək cəhdlərinin davam edəcəyini proqnozlaşdırmaq mümkündür:

“Bu istiqamətdə xüsusilə Tayvan məsələsi diqqət çəkir. ABŞ-ın dilində olan “partlamamış minalar”ın başında Tayvan, Yunanıstan və müəyyən qədər də Ermənistan var. Yaxın Şərqlə bağlı layihələrin isə seçkidən sonraya saxlanılması cəhdlərini müşahidə edirik. Ukrayna ilə bağlı prosesin birinci mərhələsi isə ABŞ üçün artıq bitib.

Hökumət çalışacaq ki, xüsusilə Tayvan məsələsi ilə bağlı addımlar atılsın. Amma prosesin tez bir zamanda reallaşacağını düşünmürəm. Bu gün əsas hədəf Birləşmiş Ştatlardakı seçkidir. Tramp hakimiyyətə gələcəyi təqdirdə həm Birləşmiş Ştatlar daxilində, eyni zamanda dünyada bir çox dəyişikliklər olacaq, yəni kartlar yenidən qarışdırılcaq.

Bu baxımdan Birləşmiş Ştatlar bir mərkəzdən idarə olunmadığı üçün bütün hakimiyyətlər dönəmində yarımçıq qalan proseslər müşahidə olunub”.

Turan Rzayev
Globalinfo.az