ABŞ Prezidenti Donald Trampın noyabrın 3-ü seçki günündə ölkənin İsrailə maliyyə dəstəyini birdəfəlik dayandırmasını açıqlaması ciddi rezonans doğurub. Tramp bildirib ki, İsrailə verilən illik təxminən 4 milyard dollar həcmində hərbi yardım 2026-nın sonuda kəsiləcək. O, İsrailin artıq güclü ölkə olduğunu və maliyyə dəstəyinə ehtiyacının qalmadığını söyləyib.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə aylar əvvəl bu barədə razılığa gəldiyini bildirsə də, xarici mənbələr fərqli iddialar irəli sürür.
İlkin səbəb
Məlumata görə, aralıq seçkiləri ərəfəsində əhali ən çox İranla müharibəyə görə ölkədə yaranan iqtisadi problemlərdən narazılığını bildirib. Həmçinin Tramp administrasiyasının İsrailə təmənnasız dəstəyi, Vaşinqtonun məhz Təl-Əvivin təşviqi ilə İranla müharibəyə girməsi narazılığı artırıb. Demokratlar da seçkilərdə bu istiqamət üzərindən kampaniya aparıblar, hətta ən məşhur namizədlərdən olan misir əsilli amerikalı müsəlman Abdul El-Sayed birbaşa İsrailə maliyyə yardımını qınayıb və buna görə ictimaiyyətdən çox ciddi dəstək alıb. Nəticədə Tramp administrasiyası xalqın güvənini tam itirməmək üçün belə bir qərar verib.
“Al-Jazeera” yazır ki, Demokratların Respublikaçılara qarşı ən güclü silahı da İsrailə maliyyə yardımları məsələsi idi. Xalq pulun ölkə xaricinə xərclənməsini istəmirdi və demokratlar bu narazılıqdan istifadə etməyi bacardı.
“NBC News”un məlumatına görə, bu qərar İsrail rəsmiləri üçün gözlənilməz olub. Ölkənin müdafiə və maliyyə nazirliklərinin rəsmiləri arasında təşviş yaşanıb, onlara öncədən xəbərdarlıq edilməyib. Baş nazir Benyamin Netanyahu və adamları da məsələ ilə bağlı birbaşa açıqlama verməkdən yayınıblar. Nəşr həmçinin ABŞ-ın regional münaqişələrdə İsrailə davamlı silah ötürməsinin öz ehtiyatlarının tükənməsinə səbəb olduğunu vurğulamışdı.
“The Hill” İsrail müxalifəti və siyasətçilərinin uzun müddətdir davam edən müharibə fonunda hava hücumundan müdafiə ehtiyatlarının tükəndiyini açıqladığını qeyd edib. Hökumətin bu məsələdə ictimaiyyətə doğru məlumat vermədiyi bildirilir.
“The Times of İsrael”in məqaləsində qeyd olunur ki, Prezident İshaq Hersoq müxalif “Yaşar” Partiyasının nümayəndələri ilə görüşündə bu xəbərin onun üçün gözlənilməz zərbə olduğunu etiraf edib və vəziyyəti ildırım çaxması kimi təsvir edib. Prezident xatırladıb ki, ABŞ və İsrail arasında hərbi yardımı nəzərdə tutan anlaşma memorandumu 2028-də bitməli idi. 2 il tez bitirilməsi nəzərdə tutulmamışdı.
Daha əvvəl Benyamin Netanyahunun İsrailin maliyyə asılılığından çıxmalı və öz təhlükəsizliyini müstəqil təmin etməli olduğuna dair açıqlaması təkrar xatırlanıb. Trampın da əvvəllər səsləndirilən bu açıqlamadan yola çıxaraq belə bir qərar verdiyi deyilir.
Qeyd edək ki, 3,8-4 milyard məbləğində olan bu yardım birbaşa İsrailə göndərilmir. ABŞ-da İsrailə məxsus bank hesablarında saxlanılır, bu ölkədən alınan silahların qarşılığında yerli şirkətlərə ödənilir. Nəticədə həmin texnika və silahlar İsrailə göndərilirdi.
Ayşən Mustafa
Globalinfo.az