Ukrayna savaşında sona doğru – Kapitulyasiya elan edilə bilər

Qərb ölkələri Ukraynaya hərbi yardımı ləngitməyə başlayıblar. Rəsmi Kiyevin ən böyük dəstəkçisi ABŞ daxilində də məsələyə münasibətdə açıq narazılıqlar var. Birləşmiş Ştatların Dövlət Departamentinin spikeri Metyu Miller də bununla bağlı eyham vurub.

Sitat:

“Pentaqon açıq şəkildə bəyan edib ki, Ukraynaya təhlükəsizlik yardımı göstərmək üçün ayrılan vəsaitin təxminən 95%-i tükənib”.

Maraqlıdır, rəsmi Kiyevə dəstəyin azalması fonunda Ukrayna sülhə məcbur edilə bilərmi? Ümumiyyətlə, Kiyevin bəzi əraziləri Rusiyaya güzəştə getməsi gözlənilirmi?

Xəyal Bəşirov

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Kollektiv Qərb rəsmi Kiyevə dəstəkdən açıq şəkildə imtina edir:

“Hazırda Rusiya Ukraynanın masaya oturmasında maraqlıdır. Rəsmi Moskva qarşıya qoyulan hədəflərin bir qisminə nail olduğu ilə bağlı açıqlamalar da verib. Ukrayna rəsmiləri bir çox ölkədən hərbi texnika və maddi dəstək istəyir. Bu dövlətlər içərisində Ukraynaya ən çox dəstək göstərmək imkanına sahib olan və bunu edən ABŞ-dır. ABŞ-ın Kiyevə edəcəyi yardımla bağlı fondun tükəndiyi istiqamətdə açıqlamalar verməsi də Rusiya-Ukrayna müharibəsinin arxa plana keçdiyinin göstəricisidir. Yaxın Şərq məsələsi isə Qərb üçün prioritetdir”.

Politoloqun fikrincə, dəstəkdən məhrum qalan Ukrayna məğlubiyyətlə barışmalıdır:

“Məlum olduğu kimi, Ukrayna Moskva ilə təkbaşına mübarizə apara bilməz. Dəstək verən Qərb ölkələri isə bu yardımın qarşılıqsız olmadığını qeyd edirlər. Bu da Ukraynanı qarşıda böyük problemlərin gözlədiyindən xəbər verir”.

Safura Bənnayeva
Globalinfo.az