2 6

İraq parlamentinin sabiq deputatı, sünni siyasətçi Əhməd əl-Əlvaninin meyiti Livanın paytaxtı Beyrutda aşkarlanıb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Livanın MTV telekanalı məlumat yayıb.

Məlumata görə, keçmiş deputat naməlum şəxslər tərəfindən Beyrutun Tarik əl-Cədidə rayonundakı mənzillərdən birinə aldadılaraq aparılıb və boğularaq öldürülüb. Onun meyiti bir neçə gün həmin mənzildə qalıb.

Livanın təhlükəsizlik qüvvələri cinayətdə iştirak edən şəxslərin axtarışını aparır. Şübhəlilərdən biri artıq saxlanılıb.

Bildirilir ki, Əhməd əl-Əlvani noyabrın 5-də Livana gəlib və Beyrutun Rauşə sahilindəki otellərdən birində məskunlaşıb. Bir müddət sonra onunla əlaqə kəsilib. İraqın Beyrutdakı səfirliyi siyasətçinin itkin düşdüyünü və qaçırılmış ola biləcəyini açıqlayıb.

İraq hökuməti Livan hakimiyyəti ilə əlaqə saxlayaraq cinayətin araşdırılmasını diqqətdə saxlayır.

Qeyd edək ki, Əhməd əl-Əlvani 2010-cu il parlament seçkilərində uğur qazanan “Əl-İraqiyyə” blokunun üzvü olub. O, 2013-cü ilin dekabrında İraqın o zamankı Baş naziri Nuri əl-Malikiyə qarşı etiraz aksiyalarına rəhbərlik etdikdən sonra həbs edilib.

Təxminən 10 il həbsdə qalan siyasətçi 2025-ci ilin aprelində azadlığa buraxılıb.

Paylaş: