Rusiya-Ukrayna müharibəsində bir ilk: Qırxa yaxın dövlət bir araya gəldi…

Dünyanın diqqət mərkəzi dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində idi. Rusiya ilə Ukrayna arasında müharibəyə həsr olunan konfrans ilk dəfə idi ki, bu qədər geniş formatda təşkil olunmuşdu. Konfransdan ciddi nəticələr gözlənilməsə də, gələcəkdə liderlərin iştirakı baxımından mühüm hesab edilirdi.

Maraqlıdır, ciddi görüşü Rusiya-Ukrayna müharibəsi baxımından hansı yeniliklərlə yadda qaldı? Bu görüş liderlərin bir araya gəlməsi baxımından müsbət nəsə vəd edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, dünya praktikasından da məlumdur ki, adətən sülh müqavilələri müharibələrdən sonra imzalanır və gələcək dünya siyasətində güc balansı qalib dövlətlər arasında həll edilir:

“Məlum məsələdir ki, əgər məqsəd doğrudan da müharibənin dayandırılması olsaydı, o zaman müharibənin hər iki iştirakçıları konfransda iştirak edərdilər. Ona görə, həftəsonu 2 gün davam edən Ciddə görüşünü daha çox Ukraynanın “neytral cənubu və şərqi” öz tərəfinə çəkmək cəhdi kimi başa düşmək olar.

Ciddə də əsas diqqətlər Çinin baxış bucağı üzərində idi. İyun ayında Danimarkada Ukrayna mövzusuna həsr olunmuş konfransa dəvətdən imtina edən Pekin Səudiyyənin təklifinə dəstək verərək müharibənin dayandırılmasında maraqlı olduğunu göstərmiş oldular. Məlumdur ki, sülh planı ilə bağlı ilk dəfə çinlilər çıxış ediblər. Lakin Qərbin Çinə arbitr rolu verməyəcəyini özləri də yaxşı bilirlər. Ona görə də bu kimi konfranslar daha çox neytral bölgələrdə keçiriləcək”.

Politoloqun sözlərinə görə, Pekin görüş zamanı 2023-cü ilin fevral ayında təqdim etdiyi sülh planını bir qədər yeniləyərək 12 bəndli təklifini konfrans iştirakçılarına təqdim edib:

“Səudiyyə Ərəbistanı isə ev sahibi kimi bir neçə digər dövlətlərlə birgə müharibənin dayandırılması ilə bağlı aşağıdakı təklifləri irəli sürüb:

1. Ukraynanın ərazi bütövlüyünün təmini.

2. Bütün cəbhələrdə atəşin dayandırılması.

3. BMT bayrağı altında danışıqların başlanması.

4. Hərbi əsirlərin dəyişdirilməsi.

Bu və digər şəkildə Ciddə təkliflərində ərazi bütövlüyü prinsipinin birinci prinsip olması qəbul edildi. Bundan əvvəl Pekin tərəfindən təqdim olunan sülh planında da sərhəd toxunulmazlığı və ərazi bütovlüyü qeyd edilirdi. Buna görə də Kiyev üçün bu təkliflər məqbul sayılır. Lakin məsələnin qəliz tərəfi başqadır.

Zaur Məmmədov

Görünən odur ki, ilin əvvəli sülh konfranslarından əvvəl hərb cəbhəsində üstünlük qazanaraq danışıqlara getmək istəyən hər iki tərəf hazırda 8 ayın yekunu olaraq döyüş meydanında elə bir ciddi fərqin olmadığı reallığı qarşısında pərdəarxasında danışıqlarla məşğul olaraq vəziyyətdən çıxış yolu axtarmaqdadır”.

Turan Rzayev
Globalinfo.az