
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın təşkilat daxilində səsvermə hüququndan məhrum edilməsi məsələsinə noyabrın 11-də baxacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-da Moskvada keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Ermənistan 2024-cü ildən etibarən təşkilatın üzvlük haqlarını ödəmədiyi üçün onun KTMT qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməsi məsələsi gündəmə gətirilib.
Lavrov qeyd edib ki, təklif olunan qərar Ermənistanın təşkilatdakı səsvermə hüququnun, həmçinin erməni nümayəndələrinin kvota üzrə vəzifələrə namizədliyini irəli sürmək imkanının borc tam ödənilənədək dayandırılmasını nəzərdə tutur.
Bununla belə, Rusiya XİN rəhbəri vurğulayıb ki, belə bir qərar qəbul olunsa belə, Ermənistan kollektiv təhlükəsizlik müqaviləsindən irəli gələn əsas hüquqlarını, o cümlədən kollektiv müdafiə və təhlükəsizlik təminatlarından yararlanmaq hüququnu qoruyub saxlayacaq.
Tahir Turan
Globalinfo.az