“Türkiyənin Yeni Partiyasının rəhbəri Özgür Özəlin Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə telefon zəngi etməsində qeyri-adi heç nə yoxdur. Əksinə, bu addım Türkiyə–Azərbaycan münasibətlərinin yalnız iqtidarlararası deyil, dövlətlərarası və milli maraqlara söykənən münasibətlər olduğunu bir daha nümayiş etdirir”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Tamilla Qulami deyib.
Siyasi şərhçi bildirib ki, Türkiyədə siyasi hakimiyyətlə müxalifət arasında ciddi rəqabət və fikir ayrılıqları mövcud olsa da, Azərbaycanla münasibətlər məsələsində bu rəqabət ön plana çıxarılmamalıdır:
“Bundan öncə təəssüf ki,Cümhuriyyət Xalq Partiyasının (CHP) simasında müxalif yanaşmalara görə Azərbaycana qarşı da zaman-zaman fikirlər səsləndirilirdi. Lakin Azərbaycan Türkiyə üçün sıradan bir xarici siyasət istiqaməti deyil. Hər iki ölkə arasındakı münasibət ortaq dərin tarix, milli kimlik, təhlükəsizlik, geosiyasi maraqlar və strateji müttəfiqlik üzərində formalaşıb. Ona görə də Türkiyənin ana müxalifət liderinin Azərbaycanın Zəfər Gününü təbrik etməsini həm siyasi, həm də diplomatik baxımdan normal addım hesab edirəm. Ümimilikdə isə ölkələrarası münasibətlərdə yaxşı olar ki, nəinki iqtidarlar, qarşılıqlı olaraq, müxalifət partiyaları da bir-biri ilə müzakirələr, danışıqlar həyata keçirsin, iqtidarlar dialoqa açıq olsun.

Tamilla Qulami
Həmçinin Özgür Özəl yaxşı anlayır ki, Türkiyədə hakimiyyətlər dəyişə, siyasi qüvvələr arasında münasibətlər gərginləşə bilər, lakin Azərbaycanla strateji müttəfiqliyə münasibət dəyişməməlidir. Bu, Türkiyənin dövlət maraqlarının tələbidir. Eyni zamanda, belə bir addım Yeni Partiyanın xarici siyasətdə milli məsələlərə münasibətini və Azərbaycanla əlaqələrin davamlılığına verdiyi önəmi göstərmək baxımından da əhəmiyyətlidir.
Hesab edirəm ki, bu telefon danışığını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maraqlarına cavab verən addım kimi qiymətləndirmək də mümkündür. Çünki Türkiyənin Azərbaycanla münasibətlərində siyasi konsensusun qorunması həm Ərdoğan hakimiyyətinin, həm də bütövlükdə Türkiyə dövlətinin maraqlarına uyğundur. Ən vacib məqam isə Azərbaycan–Türkiyə münasibətlərinin ayrı-ayrı siyasi liderlərin şəxsi münasibətlərindən və partiya maraqlarından daha böyük olmasıdır. Zəfər Günündə verilən bu mesajın əsas siyasi mənası da məhz budur”.
Turan Rzayev
Globalinfo.az