Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mühüm təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) Antalyada öz işinə başlayır.
Zirvə toplantısında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də iştirak edəcək.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı qlobal iqlim gündəliyinin mühüm hadisələrindən biridir:
“Antalyada keçiriləcək sammit iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi, iqlim maliyyələşməsi və yaşıl texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində iqlim siyasəti artıq yalnız ekoloji məsuliyyət məsələsi deyil, həm də iqtisadi və geosiyasi maraqların toqquşduğu mühüm istiqamətdir. Enerji resurslarına çıxış, texnologiyaların transferi və maliyyə imkanlarının bölüşdürülməsi dövlətlərin strateji mövqeyinə birbaşa təsir göstərir. Ona görə də, əsas çağırış enerji keçidinin ölkələrin iqtisadi inkişaf səviyyəsi və resurs imkanları nəzərə alınmaqla, ədalətli prinsiplər əsasında həyata keçirilməsidir.
Prezident İlham Əliyevin COP31-də iştirakı Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı fəal mövqeyinin davamı kimi qiymətləndirilməlidir. Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə qlobal iqlim danışıqlarına mühüm töhfə verib. Bakı sammitində 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün illik 300 milyard dollarlıq iqlim maliyyələşməsi hədəfinin müəyyənləşdirilməsi mühüm nəticələrdən biri olub. İndi əsas məsələ bu öhdəliklərin real maliyyə mexanizmləri ilə təmin olunması və vəsaitlərin ehtiyacı olan ölkələr üçün əlçatanlığıdır. Həmçinin ikinci mühüm prioritet istiqamətin enerji keçidinin mövcud iqtisadi potensialı zəiflətmədən həyata keçirilməsi olduğunu aydın şəkildə müşahidə etmək mümkündür.

Aytən Qurbanova
Politoloq bildirib ki, ölkəmiz ənənəvi enerji ixracatçısı kimi mövqeyini qorumaqla yanaşı, bərpaolunan enerji sahəsində də yeni imkanlar formalaşdırır:
“Xəzər hövzəsinin külək enerjisi potensialının reallaşdırılması, elektrik enerjisinin ötürülməsi infrastrukturunun inkişafı və Avropa bazarlarına yaşıl enerji ixracı Azərbaycanın gələcək enerji arxitekturasında rolunu genişləndirə bilər. Bu strategiyanın daxili iqtisadi inkişafla bağlı mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji layihələrinin həyata keçirilməsidir. Alternativ enerji mənbələrinin istifadəsi, müasir infrastrukturun qurulması və enerji səmərəliliyinin artırılması həmin ərazilərin iqtisadi reinteqrasiyasına, investisiyaların cəlbinə və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir.
COP31-in Türkiyədə keçirilməsi isə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının qlobal iqlim gündəliyində də genişləndirilməsi üçün əlverişli imkan yaradır. Enerji və nəqliyyat sahələrində mövcud əməkdaşlıq, eləcə də regional bağlantı layihələri iki ölkənin yaşıl enerji və dayanıqlı inkişaf istiqamətlərində ortaq təşəbbüslərini gücləndirə bilər. Nəticə etibarilə, COP31 Azərbaycan üçün yalnız beynəlxalq iqlim müzakirələrində iştirak platforması deyil, həm də milli enerji maraqlarının qorunması, bərpaolunan enerji potensialının iqtisadi üstünlüyə çevrilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından strateji fürsətdir. Azərbaycanın əsas hədəfi isə qlobal iqlim öhdəliklərini ölkənin uzunmüddətli iqtisadi inkişafı və enerji təhlükəsizliyi prioritetləri ilə uzlaşdırmaqdır”.
Turan Rzayev
Globalinfo.az