
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha bir yeraltı raket bazasının təqdimatını keçirib. Yeni kompleksdə müxtəlif ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış qurğuları nümayiş etdirilib.
Globalinfo.az xəbər verir ki, təqdimatda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Əbdullahi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi iştirak ediblər.
İran dövlət mediasının yaydığı görüntülərdə hərbi rəsmilərin yeraltı tunellərlə əhatə olunan kompleksə baxış keçirdiyi əks olunub. Obyektin dəqiq yerləşdiyi ərazi və texniki imkanları barədə isə məlumat verilməyib.
SEPAH rəsmilərinin sözlərinə görə, İran təkcə raketlərin saxlanması ilə kifayətlənmir, həm də onların və hücum dronlarının istehsal xətlərini yeraltı obyektlərə köçürür.
Bu addımın mümkün hava hücumları zamanı hərbi istehsalın davamlılığını təmin etmək məqsədi daşıdığı bildirilir.
Tahir Turan
Globalinfo.az