
ABŞ administrasiyası hazırkı mərhələdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac görmür.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Parisdə keçirilən G7 xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Rubionun sözlərinə görə, ABŞ-ın iqtisadi təzyiq siyasəti İran iqtisadiyyatına getdikcə daha ciddi zərbə vurur və bu təsir zaman keçdikcə daha da güclənir.
“Hazırda böyük hərbi əməliyyatlara ehtiyac yoxdur, çünki blokada və iqtisadi sanksiyalar İran iqtisadiyyatına dağıdıcı təsir göstərir”, – deyə dövlət katibi vurğulayıb.
O qeyd edib ki, Prezident Donald Tramp Yaxın Şərq ölkələrinin liderləri və digər beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrdən sonra İrana qarşı yeni hərbi zərbələri hələlik təxirə salmaq qərarına gəlib.
Rubio bildirib ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirmək niyyətindədir. Xüsusilə, İranın neft satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması ABŞ strategiyasının əsas istiqamətlərindən biridir.
Tahir Turan
Globalinfo.az