Erməniləri qorxudan sirli işarə: Ordumuz bununla yeni mesaj verdi? – FOTO

Deputat Hikmət Babaoğlunun tərs “A” hərfi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. O, paylaşımında bu işarənin qeyri-qanuni olaraq Ermənistana verilən Azərbaycan torpaqlarının xəritə üzrə görüntüsünü əks etdirdiyini bildirib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Naqif Həmzəyev deyib ki, tərs “A” hərfi işarəsi erməniləri təşvişə salıb:

“Onlar bunu bəhanə gətirərək “təhlükəsizlik” tədbirləri görməyə başlayıblar. Düşünmürəm ki, bu işarə Azərbaycan Silahlı Qüvvələrinin hansısa hərbi əməliyyatının simvoludur. Çünki belə məsələlər sirr saxlanılır. Bu, ilk növbədə ermənilərə xəbərdarlıq ola bilər.

Üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı müddəa var. Təəssüf ki, ermənilər bundan, xüsusilə Naxçıvanla quru əlaqə yaratmaq məsələsindən boyun qaçırırlar. Bu da bizi narahat edən əsas məqamlardan biridir. Həmçinin Azərbaycan Ağdam-Xankəndi yolunun da işə salınmasını istəyir, lakin separatçılar bunun qarşısını alır. Azərbaycan güc tətbiq etmək niyyətində deyil, çünki biz proseslərin sülh yolu ilə həll olunmasını istəyirik. Lakin Ermənistan bundan istifadə edir, vaxt qazanır, sülhün baş tutmasını istəmir”.

Naqif Həmzəyev

Deputat tərs “A” hərfinin Zəngəzur dəhlizinin açılması ilə bağlı olduğunu düşünür:

“Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında qurulub, burada xalqımız yaşayıb və onların öz dədə-baba yurdlarında yaşamaq hüquqları var. Ermənilər bunu unutmamalıdırlar! Əgər Xankəndidə, azərbaycanlıların tarixi torpaqlarında erməniəsilli sakinlər yaşayırlarsa, o zaman hazırkı Ermənistan ərazilərində Azərbaycan türkləri yaşamalı, rəsmi İrəvan da bunu təmin etməlidir”.

N.Həmzəyev vurğulayıb ki, Ermənistan Azərbaycanla təhdid dilində danışmaqdan çəkinməlidir:

“Rəsmi İrəvan sülh masasına qayıdaraq öhdəliklərini yerinə yetirməlidir. Əks təqdirdə daha rüsvayçı məğlubiyyətlə üzləşəcək. Bəlkə də proseslər bir neçə ildən sonra Ermənistanın müstəqilliyini şübhə altına salacaq. Rusiya-Ermənistan münasibətlərindəki gərginlik Kremli də ağır qərarlar verməyə məcbur edə bilər. Zaman hər şeyi göstərəcək və Azərbaycan sülhəməcburetmə siyasətini uğurla həyata keçirərək regionda uzunmüddətli və dayanıqlı barışa nail olacaq”.

Zaira Akifqızı
Globalinfo.az