“Charlie Hebdo”nun Türkiyə karikaturasının açıqlaması budur – Ekspertlər danışdı

Fransanın “Charlie Hebdo” jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturası böyük hiddət doğurub.

Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak Globalinfo.az-a açıqlamasında bildirib ki, “Charlie Hebdo”nun Türkiyədəki zəlzələ ilə bağlı dərc etdiyi sonuncu karikatura qeyri-insani, əxlaqsız bir nümunədir:

“Charlie Hebdo” əxlaqsız media orqanıdır, bu cür təxribatçı karikaturalar çəkərək diqqəti cəlb etməyə çalışır və bunu fikir azadlığı adı altında edir. Bu irqçi, nasist ruhlu, təhlükəli, təxribatçı media orqanının fəaliyyəti qadağan edilməlidir.

Naciye Selin Şenocak

Belə qeyri-insani nəşrlərdə fikir azadlığı ola bilməz. Əgər bir düşüncə insanın mənəvi və əxlaqi dəyərlərini hədəf alırsa, bu, artıq düşüncə azadlığı deyil, təhqir, böhtan və hücumdur. İnsan həyatının təhlükə altında olduğu, minlərlə insanımızı itirdiyimiz bu əsrin fəlakətində ölümləri ələ salıb təbliğat aparan tərəf yalnız qatil, nasist ruhlu ola bilər. Böyük dağıntıların və faciələrin yaşandığı təbii fəlakətlər, ölümlər məsxərəyə çevrilə bilməz. Bu, insan haqlarına, insani dəyərlərə ziddir və ibrət dərsi olması üçün beynəlxalq hüquq çərçivəsində ən ağır şəkildə cəzalandırılmalıdır”.

Professor S.Şenocak həmçinin qeyd edib ki, Qərb həmişə fikir azadlığını özünə uyğunlaşdırıb:

“Qərb mediası fikir azadlığı adı altında özündən biri olmayanı təhqir edir, böhtan atır, ona hücum edir, amma özlərinə qarşı tənqidə gəlincə, fikir azadlığı olmur. Bu, ikili standart, ikiüzlülük, insani dəyərlərdən məhrum olmaqdır”.

Yücel Karauz

Məsələ ilə bağlı ehtiyatda olan türkiyəli general Yücel Karauz Globalinfo.az-a açıqlaması zamanı bildirib ki, həmin karikatura çox utancverici, tərbiyəsiz və özündən savayı heç bir mədəniyyətə hörmət qoymayan bir yanaşma tərzidir:

“Şiddətlə qınayırıq! Təbii ki, bu jurnalın tirajı çox aşağıdır. Daha əvvəl islam mədəniyyətinə qarşı təhqiredici, alçaldıcı və nifrət zəminində törədilən cinayətə yol açan paylaşımlar etmişdi. Və bu, guya Qərb mədəniyyətinin öndə gedən təmsilçisi Fransa kimi bir ölkədə edilir. Əlbəttə, onlar “söz azadlığı”ndan yalnız islamiyyətə, türklərə və digər xalqlara qarşı istifadə edirlər. Amma xristianlıqla, Fransa və onun milli-mədəni dəyərləri ilə bağlı bir şey deyildiyi zaman bu, qadağan edilir.

Bu gün Fransada “erməni soyqırımı yoxdur” demək cinayətdir. Peyğəmbərimizi, Türkiyəni təhqir edəndə bu, “söz azadlığı” olur, amma kimsə Fransada “türklər, osmanlılar ermənilərə qarşı soyqırım törətmədi” dediyi zaman məhkəməyə verilir, həbsə salınır. Bu, tamamilə ikiüzlü yanaşmadır və nifrət zəminində törədilən cinayətdir”.

Müşfiq Cəfərov

Millət vəkili Müşfiq Cəfərov deyib ki, Fransanın türklərə qarşı mövqeyi artıq bəllidir.

“Fransa jurnalında belə bir utancverən karikaturanın dərc olunması hiddət doğurur. Dağıntılar altında nə qədər günahsız körpə, yaşlı və xəstələr qalıb. Hər kəs orada olan insanların xilas olması üçün dua edir. Belə məqamda bu cür karikaturanın olması müəllifə də, jurnala da, elə ölkənin özünə də nifrət oyadır. Biz bu halları pisləyirik! Milliyyətindən, kimliyindən asılı olmayaraq insani duyğusu olan hər kəs bu vəziyyətdə insanlara yardım etməli, həssas yanaşmalıdır”.

Naqif Həmzəyev

Millət vəkili Naqif Həmzəyev isə deyib ki, “Charlie Hebdo” jurnalı yenidən çirkin əməli ilə gündəmə çevrilib:

“Çox təəssüf ki, onlar bu təbii fəlakəti ələ salır, Türkiyəyə qarşı düşmənçiliklərini bu dar gündə də bildirirlər. Ancaq istənilən halda heç nə unudulmur və insanlığa qarşı bu əməli törədənlər gec-tez peşman olacaqlar. Belə bir məqamda bu cür çirkin əməl ortaya qoymaq düzgün deyil.

Bu gün dünya həmrəylik nümayiş etdirməlidir, çünki Türkiyə dördüncü səviyyəli yardım tələbi ilə çıxış edib. Və ilk olaraq Azərbaycan Türkiyəyə öz dəstəyini göstərib. Bu gün həm dövlət, həm vətəndaş olaraq yardımlarımızı davam etdiririk”.

Gülnar, Zaira
Globalinfo.az