1033067 src

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın müasir silah və digər materialların daşınması üçün quru marşrutlarından istifadəsinin qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradılması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Dəmir Qapılar” (Iron Gate) adlandırılan əməliyyat qrupu Floridanın Tampa şəhərində fəaliyyət göstərəcək.

Təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq qrup ABŞ hökumətinin digər qurumları ilə koordinasiyalı şəkildə çalışacaq.

Yeni strukturun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlir mənbələrinin daşınmasının qarşısını almaqdır.

“Dəmir Qapılar” əməliyyat qrupunun yaradılması İranın dənizdəki sərt blokadasının uğurunu təsdiqləyir”, – deyə admiral Bred Kuper bildirib.

Onun sözlərinə görə, CENTCOM-un ABŞ hökumətinin digər qurumları ilə əməkdaşlığının gücləndirilməsi İranın terrorizmi maliyyələşdirmək, silah istehsalı müəssisələrini işə salmaq və silahlı qüvvələrini yenidən təchiz etmək imkanlarını daha da məhdudlaşdıracaq.

CENTCOM hesab edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada İranın 25 milyard dollardan çox dəyərində xam neft ixrac etməsinə mane olub.

Qeyd edək ki, ABŞ-nin dəniz blokadasından sonra İran qonşu ölkələrlə quru sərhədlərindən, eləcə də Xəzər dənizindən idxal-ixrac əməliyyatları üçün daha geniş istifadə etməyə başlayıb. Nəticədə Türkiyə, Ermənistan və digər qonşu ölkələrlə sərhəd-keçid məntəqələrində yük avtomobillərinin uzun növbələri yaranıb.

Xəzər dənizi də Rusiya ilə İran arasında yükdaşımaların, o cümlədən hərbi təyinatlı yüklərin daşınmasının əsas marşrutlarından birinə çevrilib.

“Financial Times” qəzeti isə kəşfiyyat mənbələrinə istinadən yazıb ki, İran quru sərhədləri və Xəzər dənizi vasitəsilə milyardlarla dollar dəyərində silah, raket yanacağı və digər hərbi təyinatlı məhsullar idxal edir.

CENTCOM tərəfindən yaradılan xüsusi əməliyyat qrupunun İranın quru sərhədlərinə və Xəzər dənizindəki logistika marşrutlarına nəzarəti hansı mexanizmlərlə həyata keçirəcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: