8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, xalqımızın illərlə davam edən torpaq həsrətinə son qoyulub. Bu Qələbə həm də ölkənin gələcək inkişafı və regionda yeni reallıqların formalaşması baxımından mühüm mərhələ olub.
Bəs Zəfərdən ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü hansı istiqamətlərdə dəyişib və qarşıda hansı hədəflər dayanır?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, artıq 6 ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib:
“Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu”.
Deputat qeyd edib ki, ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir:
“Zəfər Gününü yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü kimi deyil, Azərbaycanın yeni tarixi inkişaf mərhələsinin, yeni geosiyasi reallıqların və uzunmüddətli dövlət strategiyasının başlanğıc nöqtəsi kimi qiymətləndirmək daha düzgün olardı.
Bu, bir həqiqətdir ki, müharibədən sonrakı dövr müharibəyə qədərki dövrün sadəcə davamı deyildi. Bu, mahiyyət etibarilə yeni siyasi, iqtisadi, təhlükəsizlik və diplomatik reallıqlar şəraitində Azərbaycanın yeni inkişaf dövrüdür”.
Elman Nəsirov
E.Nəsirov bu mərhələnin xüsusiyyəti haqda da danışıb:
“Birincisi, hərbi qələbədən sonra ölkəmizin geosiyasi mövqeləri daha da möhkəmləndi. Başqa sözlə, Azərbaycan regionda yeni geosiyasi reallıqların formalaşmasında iştirak edən əsas aktorlardan birinə çevrildi. Münaqişənin hərbi mərhələsinin başa çatması regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və davamlı sülh gündəliyinin formalaşdırılması üçün yeni imkanlar yaratdı..
İkincisi, ərazi bütövlüyünün təmin olunması suverenliyin tam əldə edilməsini şərtləndirdi. 2020-ci il Zəfəri ilə başlayan proses 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ilə yeni mərhələyə keçdi. Bu, dövlət quruculuğu, hüquqi idarəetmə və milli təhlükəsizlik baxımından yeni vəzifələr müəyyənləşdirdi.
Üçüncüsü, müharibə iqtisadiyyatından quruculuq və inkişaf iqtisadiyyatına keçidi təmin etdi. Əvvəllər təhlükəsizlik və müdafiə məsələləri dövlət siyasətinin əsas prioritetlərindən idisə, müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, infrastruktur, investisiya, sahibkarlıq və yeni iqtisadi imkanların yaradılması xüsusi əhəmiyyət qazandı.
Dördüncüsü, Qarabağın bərpasından regional iqtisadi inteqrasiyaya keçid reallaşdı”.
E Nəsirov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa edilən ərazilər deyil, həm də Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin mühüm komponentləridir:
“Burada yaşıl enerji, ağıllı kənd və şəhərlər, müasir kənd təsərrüfatı, logistika və turizm kimi istiqamətlər inkişaf perspektivi yaradır. Bundan başqa, enerji siyasətindən nəqliyyat və logistika strategiyasına doğru ardıcıll addımlar atılmağa başlandı. Azərbaycanın strateji əhəmiyyəti artıq yalnız enerji resursları ilə ölçülmür. Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, regional bağlantılar ölkənin geoiqtisadi rolunu daha da genişləndirir.
Eyni zamanda, qələbədən sülh və diplomatiya gündəliyinə qədər ardıcıl və sistemli fəaliyyət həyata keçirilməyə başlandı”.
Elman Nəsirov deyib ki, zəfərdən sonrakı əsas vəzifələrdən biri hərbi nəticələri davamlı siyasi sülhə çevirməkdir:
“Bunun üçün dövlətlərarası münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad mexanizmləri mühüm əhəmiyyət daşıyır. Sadaladığımız reallıqlar fonunda ən vacib məsələ Zəfəri insan kapitalına çevirməkdir. Faktlar və arqumentlərin dili ilə desək, 2022-ci ildə qəbul edilmiş Birinci Dövlət Proqramı Böyük Qayıdışı dövlətin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib, azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 28 milyard manat vəsait ayrılıb, 300 mindən çox hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 48 yaşayış məntəqəsi istifadəyə verilmiş, azad edilmiş ərazilərdə yaşayan, təhsil alan və işləyənlərin ümumi sayı 100 min nəfərə yaxınlaşıb”.
Elman Nəsirovun fikrincə, yeni geosiyasi reallıqlar ölkəmizin qarşısında bir sıra mühüm strataeji vəzifələr qoyur:
“İqtisadiyyatın şaxələndirilməsi: neft və qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun, sənayenin və kənd təsərrüfatının inkişafı; İnsan kapitalının gücləndirilməsi: müasir təhsil, elm, texnologiya, innovasiya və yüksək ixtisaslı kadrların hazırlanması; Regional iqtisadi mərkəzə çevrilmək: Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat, logistika və ticarət qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi; Müdafiə və təhlükəsizlik potensialının qorunması: əldə olunmuş təhlükəsizlik üstünlüklərinin müasir texnologiyalar və müdafiə sənayesi hesabına davamlı təmin edilməsi;Sosial rifahın yüksəldilməsi: iqtisadi inkişafın nəticələrinin vətəndaşın gündəlik həyatında, gəlirlərində, məşğulluğunda və həyat keyfiyyətində hiss olunması. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar, TRIPP layihəsi ilə bağlı razılıq və sülh müqaviləsi layihəsinin paraflanması da Zəfərdən sonra formalaşan regional gündəliyin yeni mərhələsini göstərir. Beləliklə, bir vaxtlar Qarabağ məsələsi Azərbaycanın gələcəyinə dair ən böyük narahatlıqlardan biri idi”.
Deputat əlavə edib ki, bu gün Qarabağ Azərbaycanın gələcəyinə dair ən böyük inkişaf layihələrindən birinə çevrilib:
“Dövlətin böyüklüyü yalnız müharibədə əldə etdiyi qələbə ilə deyil, qələbədən sonra xalqına hansı gələcəyi təmin etməsi ilə də ölçülür. Elə ən vacib məqam da budur: biz Zəfərlə torpaqlarımızı qaytardıq, indi isə həmin torpaqlarda gələcək nəsillərin firavan həyatını qururuq. Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqının birliyi! Zəfər Günümüz mübarək olsun!”
Zaira Akifqızı
Globalinfo.az