Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu ilə bağlı bilet qiymətləri futbolsevərlərin narazılığına səbəb olub. Belə ki, satışın ilk günündən yalnız bahalı və kombo biletlər təklif edilib, daha ucuz biletlər isə satışa çıxarılmayıb. Bu isə büdcəsi məhdud olan azarkeşlərin oyunu stadiondan izləmək imkanını sual altına qoyub.
Bəs biletlərin bu formada satışa çıxarılması nə dərəcədə doğrudur? Oyun öncəsi daha ucuz biletlərin satışa təqdim olunması mümkündürmü?
Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, “Barselona” matçının biletləri ilə bağlı klubun əvvəlcədən müəyyən etdiyi satış siyasəti var:
“İlk olaraq kombo biletlər satışa çıxarıldı və onlara kifayət qədər maraq oldu. Hətta ucuz biletlərin əksəriyyəti həmin mərhələdə satıldı. Çünki azarkeşlər bir biletlə dörd matçı izləmək imkanını qaçırmaq istəmirdilər. Üstəlik, kombo biletlərin qiyməti ayrı-ayrılıqda alınan biletlərlə müqayisədə daha sərfəli idi. Bəzi hallarda 30-40 faizədək ucuz başa gəlirdi. Lakin bu, satışda ucuz biletlərin qalmadığı anlamına gəlmir”.
Kənan Məstəliyev
Ekspertin sözlərinə görə, klub bütün biletləri eyni vaxtda satışa çıxarmaq qərarı verməyib, satış mərhələli şəkildə həyata keçirilir:
“Hazırda VIP biletləri satışdadır. Bunlar adi biletlər deyil, xüsusi VIP sektora aiddir. 30-40 manatlıq daha ucuz biletlər isə klub tərəfindən hissə-hissə, sektorlar üzrə satışa çıxarılacaq. Bildiyim qədərilə, noyabr ayı ərzində bu biletləri almaq imkanı olacaq. “Barselona” kimi dünya səviyyəli komandanın Bakıya gəlməsinə maraq böyükdür. Buna görə də azarkeşlər biletlər satışa çıxarılan kimi almağa çalışmalıdırlar. Klubdan əldə etdiyim məlumata görə, ucuz biletlər də olacaq. Sadəcə, satış mərhələli aparılacağı üçün futbolsevərlər diqqətli olmalıdırlar”.
Zaira Akifqızı
Globalinfo.az