“Təhsilin inkişaf konsepsiyasının əsas sütunundan biri peşə təhsili məsələsidir”

Azərbaycanda elm, təhsil, mədəni-maarif istiqamətlərinin inkişafı hər zaman diqqət mərkəzində olub. Xüsusilə son zamanlar təhsildə həyata keçirilən islahatlar, yeni tədris metodlarının sınaqdan keçirilməsi, dövrün tələblərinə uyğun olaraq inkişaf istiqamətinin formalaşdırılması nəticəsində beynəlxalq səviyyədə qazanılan uğurlar buna nümunədir.

Xüsusilə bu istiqamətdə həyata keçirilən proqramlar, tədris vəsaitlərinin keyfiyyətinin yüksəldilməsi, təhsillə yanaşı elm sahəsinə də cəmiyyətdə və gənclər arasında diqqətin artırılması üçün görülən işlər yüksək qiymətləndirilir. Məktəblilərimizin olimpiada uğurları, dünya üzrə müxtəlif qiymətləndirmələrdə əldə olunan yüksək nəticələr bunu bir daha sübut edir.

Bəs hazırkı tendensiyanı necə qiymətləndirmək olar? Gələcəkdə bu inkişaf dinamikasının qorunması və daha da artırılması üçün nə kimi işlər görülməlidir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən təhsil elm və təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildirib ki, xüsusilə son illərdə bu sahədə vacib addımlar atılıb:

“Dövlət tərəfindən irəli sürülən strateji yol xəritəsində təhsillə bağlı konsepsiyalar, proqramlar, böyük layihələr icra edilməkdədir. Xüsusilə son 10 ildə biz bunun bariz nümunəsini görə bilirik. Ölkəmizdə təhsil yeni dünya çağırışları üzrə inkişaf edir. Lakin bir məqam var ki, inkişaf mexanizminə görə elm təhsillə ayaqlaşa bilmir. Doğrudur, təhsilimizdə müəyyən problemlər var, onun inkişafı da ideal səviyyədə deyil. Təhsilimiz müəyyən axsamalardan keçməkdədir, amma modern dünyanın tələbləri, XXI əsrin yanaşmaları istiqamətində öz addımlarını atır. Elmdə bağlı vəziyyət isə eyni deyil. Çox yaxşı ki, təxminən 1 il yarım öncə Prezident İlham Əliyevin sərəncamı ilə Elm və Təhsil Nazirliyi yaradıldı, iki istiqamət birləşdirildi. Fəaliyyəti o qədər də görünməyən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 22 tədqiqat institutu, müxtəlif profilli elmi mərkəzləri bu nazirliyin tərkibinə verildi. Bu çox ciddi bir addımdır və gələcəkdə öz sözünü mütləq deyəcək”.

Elmin Nuri 

Mütəxəssis elm və təhsilin yeni dünya çağırışları ilə ayaqlaşması üçün görülən işlərdən söz açıb:

“İndiki yanaşmada əsas prioritet xətlər informasiya texnologiyaları (IT) istiqamətli bacarıqları təhsilə gətirməkdir. Bu isə dövrün tələblərinə uyğundur. Yəni təhsilə IT elementlərini gətirmək, onun prinsip və tələbləri istiqamətində hərəkət etmək dövrün əsas şərtlərindən hesab olunur. Məsələn, STEAM təhsil metodu, rəqəmsal təhsil, robotexnika kimi böyük layihələr Azərbaycan təhsilində yeni yanaşmalardandır. Təkcə bir ildə 13 STEAM tədris mərkəzi yaradıldı. Ümumi olaraq bu mərkəzlərin sayı artıq 24-dür, bu da kifayət qədər ciddi göstəricidir.

Təhsilimizin inkişaf konsepsiyasının əsas sütunlarından biri də son illərdə peşə təhsili məsələsidir. Peşə təhsili də sırf IT istiqamətli inkişaf xəttini tutmaqla dövrün tələbilə ayaqlaşmağı bacardı. Bu isə gələcəkdə əmək bazarında öz sözünü deyəcəkdir. Pandemiyanın bitməsinə baxmayaraq, hələ də müəyyən teledərslərin qalması, onlayn və IT əsaslı təhsil layihələrinin davam etdirilməsi, təhsildə texniki bacarıqlarla bağlı layihələrin getdikcə artması bu xətt üzrə daha da irəliləməyə səbəb olmuşdur”.

O qeyd edib ki, elmin inkişafı üçün müəyyən addımlar atılsa, bir sıra işlər görülsə də, təhsilə paralel inkişafını təmin etmək üçün müəyyən amillərə diqqət edilməlidir:

“Bütün bu amillər diqqətə layiqdir. Lakin bir neçə detala da mütləq diqqət edilməlidir. Azərbaycan təhsilinin məzmun və mahiyyətcə dünya ilə ayaqlaşmasına yardımçı olan yeni layihələr hazırlanmalıdır. Bu, təhsilə yanaşmada öz sözünü deməlidir. Mahiyyət etibarı ilə fərqli təhsil modellərini daha çox qabartmalıyıq. Sadəcə IT əsaslı təhsil layihələri ilə kifayətlənmək olmaz. Bağçadan, məktəbəhazırlıq qruplarından, ibtidai təhsildən son orta təhsil pilləsinə kimi məktəbə yeni yanaşmalar tələb edən xüsusi layihələr icra etməliyik. Mütləq şəkildə yeniliyə ehtiyac var.

Təəssüf ki, elm bu cəhətdən nisbətən passivdir. Vaxtı ilə AMEA-nın nəzdində olan tədqiqat institutlarını Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra onlardan daha aktiv fəaliyyət gözləyirdik. Lakin 1 il yarım vaxt keçməsinə baxmayaraq hələ də fundamental araşdırmalarda, beynəlxalq elmi bazalarda olan materiallarla bağlı azacıq inkişaf tempi müşahidə edirik. Bizim kimya profilli, dəqiq elmlərə istiqamətlənən institutlarımız uzun illərdir ki, fəaliyyət göstərirlər. Lakin onlar təhsilə paralel tədqiqat əsaslı inkişafa meyl etmədilər. Yekun olaraq inkişaf tempinə əsasən ölkəmizdə təhsil elmi bir pillə üstələyir”.

“Azərbaycanda elm və təhsil kütləviləşməlidir. Təhsil akademiklikdən, ağır tədris monotonluğundan çıxmalıdır. Əyləncəli, IQ-nü inkişaf etdirən, insanı fərddən şəxsiyyətə çevirən mexanizm şəklində qəbul olunmalıdır. Təhsilalanı cəlb etməlidir. Qorxu deyil, sevgi prinsipindən yanaşıldıqda bu sahədə daha çox müsbət işlərə imza atılacaq. Bunun üçün də təhsilin kütləviləşməsi, xalq dilinə çevrilməsi lazımdır”, – deyə E.Nuri bildirib.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Ayşən Mustafa
Globalinfo.az