Tehranın əsas qorxularından biri – Güney Azərbaycan türkləri ayağa qalxsa…

Güneydə yaşayan azərbaycanlıların ən çətin şəraitdə belə milli kimliklərinə, mənsub olduqları xalqa ürəkdən bağlı qaldıqlarına şahid olmuşuq. Vətən müharibəsində İrandan Ermənistana daşınan silah və yardım maşınlarının soydaşlarımız tərəfindən dayandırılması, yolun bağlanması, Xudafərin körpüsündə Azərbaycan əsgərlərinin gözyaşı ilə qarşılanmasını, son olaraq isə Təbrizin futbol klubu “Traktor”un qalibiyyətdən sonra azarkeşlərinin sidq ürəklə ucadan Qarabağ və Azərbaycanla bağlı şüarlar səsləndirməsi kimi amillər Güney Azərbaycan türklərinin birlik həsrətinin göstəricidir.

Həmçinin İranla münasibətlərin gərginləşdiyi müddətdə Tehranın əsas qorxularından birinin Güney Azərbaycan türklərinin ayaqlanması olduğu deyilir.

Azərbaycan dövlətinin Güneydə yaşayan soydaşlarımızla münasibəti, əlaqəsi necədir? Oradakı azərbaycanlılarla kommunikasiya varmı?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan güneylilərlə hazırkı əlaqələri dəyərləndirib:

“Güney Azərbaycanda yaşayan soydaşlarımızla əlaqələr hər zaman mədəni səviyyədə olub. Müxtəlif müğənnilər, aşıqlar, rəqs qrupları Bakıda konsertlə çıxış ediblər. Hazırda isə fəaliyyət azalıb. Ölkəmizdə Güney Azərbaycan məsələsi hər zaman ictimaiyyətin və hakimiyyətin diqqət mərkəzində olub. Bu həm sovetlər dönəmində, həm də müstəqillik dövründə belə olub. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu məsələ daha da dərinləşdi, Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən birinə çevrildi. Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının II Qurultayında “50 milyon azərbaycanlının prezidentiyəm” dedikdə, həm də Güney Azərbaycan türklərini nəzərdə tutmuşdu”.

Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi - 20.09.2021, Sputnik Azərbaycan

S.Soltan İranda Azərbaycan türklərinin irqçiliyə məruz qaldığını bildirib:

“Prezident Güney Azərbaycan türklərinin dil azadlığı haqqının təmin olunması ilə bağlı məsələni bütün düyaya bəyan etməklə soydaşlarımızın taleyinə biganə qalmadığını, əksinə, bu istiqamətdə fəaliyyətiin gücləndiriləcəyi mesajını verdi. Hesab edirəm ki, Güney Azərbaycan türkləri ilə Azərbaycan Respublikası arasında əlaqələr həm də İranla Azərbaycan münasibətlərində aparıcı rol oynamalıdır. Çünki ortada assimilyasiya məsələsi var. 30 milyondan çox insanın assimilyasiyaya məruz qalması isə irqçilikdir. Azərbaycan İran hakimiyyətinin irqçiliyinə qarşı çıxış edir”.

O, Güney Azərbaycan türklərinin haqlarının təmin edilməsinin İran-Azərbaycan münasibətlərindəki rolundan danışıb:

“Münasibətlərdə əsas Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunması diqqətdə saxlanılmalıdır. Hesab edirəm ki, gələcəkdə İranla Azərbaycan arasında münasibətlər qaydasına düşərsə, bu məsələ əsas mövzuya çevriləcək. Güneydə müxtəlif tarixi abidələrin, elmi məsələlərin, Azərbaycan türklərinin milli-mədəni maraqlarının təmin edilməsi, dərslərin ana dilində tədrisi məsələsi İranla Azərbaycan arasında ortaq platforma kimi formalaşdırıla bilər. Bunun üçün isə İran hakimiyyəti ilk növbədə panfarsizm və şovinist iddialarından əl çəkməlidir”.

Ayşən Mustafa
Globalinfo.az