milli rehim 11111

Azərbaycan millisinin Litva ilə oyunundan öncə futbolçu Rəhim Sadıxovun görüntüsü müzakirələrə səbəb olub. Onun ağzına snus adlı maddə qoyduğu və bunun futbolçu üçün təhlükəli olduğu iddia edilir. “Neftçi” klubunun həkimi Rəhim Məhərrəmov futbolinfo.az-a açıqlamasında deyib ki, Azərbaycan futbolunda snus istifadəsi geniş yayılıb.

Sitat:

“Azərbaycan futbolunun bu gün ən böyük fəlakəti nə siqaret, nə içki, nə də qəlyandır. Ən böyük problem snusdur (tüstüsüz tütün məmulatının bir növüdür, xırdalanmış və nəmləndirilmiş tütündən ibarətdir – red.). Dodaqla diş əti arasına qoyulur. Bizim oyunçular arasında artıq çox geniş yayılıb”.

Bunu ölkəmizə xaricilər gətirib, bizim gənclər də artıq meyillənib. Snus barədə heç kim danışmır, lakin Azərbaycan futbolunu böyük fəlakətə aparacaq. Hətta artıq gətirdiyini deyə bilərik”.

Bəs snus nədir və insan orqanizminə hansı zərərləri var?

Globalinfo.az-a danışan Sosial Təşəbbüs MMC-nin eksperti Emil Maqalov deyib ki, snus sadəcə nikotin paketidir:

“Burada qeyri-adi və ya qeyri-qanuni bir şey yoxdur. Snus ağızda istifadə olunan tüstüsüz tütün məhsuludur. Adətən kiçik paket şəklində olur və dodağın altına, diş əti ilə dodaq arasına yerləşdirilir. Nikotin ağız boşluğunun selikli qişasından qana keçir. Tüstü çıxarmır və yandırılmır. Tərkibində adətən nikotin, tütün, duz və digər maddələr olur. Nikotin asılılığı yarada bilər. Ürək döyüntüsünü və qan təzyiqini artıra bilər. Diş ətinin qıcıqlanmasına və ağız boşluğunda digər problemlərə səbəb ola bilər. Vacib fərq isə ondan ibarətdir ki, Azərbaycanda “snus” sözü bəzən nikotin paketləri üçün də işlədilir. Nikotin pouch tütünsüzdür, amma nikotin ehtiva edir. Klassik snus isə tütün ehtiva edir”.

Ekspert snusun siqaretlə müqayisədə daha az zərərli ola biləcəyini qeyd edib:

“Zərər baxımından deyim ki, siqaret çəkmək ən təhlükəlisidir. Tüstüsüz məhsullar siqaretdən daha az zərərli ola bilər, amma tam təhlükəsiz deyil. Snus əsasən siqareti tərgitmək üçün istifadə olunur. Siqaretdən isə qat-qat zərərsizdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: