imamverdi ziyafet 1 scaled

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi ölkənin siyasi həyatında diqqət çəkən hadisələrdən biri oldu. Belə ki, oktyabrın 2-də keçirilən qurultay yeni geosiyasi reallıqların formalaşdığı bir dövrə təsadüf edib. Bu baxımdan YAP-ın qarşıdakı mərhələdə fəaliyyətinin hansı istiqamətdə qurulacağı və siyasi proseslərdə rolunun necə dəyişəcəyi maraq doğurur. Son illərdə partiyanın əvvəlki dövrlərlə müqayisədə bir qədər arxa plana keçdiyi və fəaliyyətinin zəiflədiyi barədə təəssürat yaranıb.

Qurultayın keçirilməsi isə YAP-ın fəaliyyətinin yenidən nəzərdən keçirilməsi və qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi məsələsini aktuallaşdırıb. Xüsusilə dəyişən regional və qlobal siyasi proseslər fonunda hakim partiyanın qarşısında yeni çağırışların yarandığı bildirilir. Bu şəraitdə YAP-ın həm təşkilati fəaliyyətini, həm də cəmiyyətlə siyasi əlaqələrini necə quracağı əsas müzakirə mövzularındandır.

Qeyd edək ki, partiyanın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib.

Qurultaydan sonra hakim partiyada hansı dəyişikliklər gözlənilir? Təşkilatın siyasi proseslərdə rolu artırılacaqmı? İmamverdi İsmayılovun, Ziyafət Əsgərovun və başqa tanınmış simaların YAP İdarə Heyətinə salınması nədən xəbər verir?

Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, YAP-ın fəaliyyəti həmişə cəmiyyətin diqqətində olub:

“Liderimiz, Prezident İlham Əliyevin çıxışları, onun partiya quruculuğu ilə bağlı mövqeyi daim müsbət təcrübə kimi qiymətləndirilib. Sonuncu qurultayda onun çıxışı da bir daha göstərdi ki, dövlət başçısı bu gün Azərbaycanın ən nüfuzlu şəxsidir və onun mövqeyi ölkənin gələcəyinin uğurlu olmasında mühüm rol oynayır”.

Deputat vurğulayıb ki, dəyişikliklər artıq qurultayda elan edilib:

“Nizamnaməyə “Siyasi partiyalar haqqında” Qanuna uyğun əlavələr olunub. Eyni zamanda, təşkilati struktur bir qədər möhkəmləndirilib.

aydin mirzezade 11

Aydın Mirzəzadə

Əsas nəticə ondan ibarətdir ki, qurultay partiyanın 800 mindən çox üzvünü ölkənin siyasi həyatında fəal iştirak etməyə, xalqla birlikdə olmağa, onun maraqlarını öz fəaliyyətində nəzərə almağa çağırdı. Həmçinin partiyadan seçkili orqanlarda təmsil olunanlara yalnız partiyanın deyil, ümumilikdə cəmiyyətin problemlərini səsləndirmək və onların həlli istiqamətində ciddi addımlar atmaq tapşırığı verilib”.

Siyasi şərhçi Heydər Oğuz bildirib ki, YAP-ın quruluş illərindən bu günə qədər keçən 30 ildən çox müddətdə Azərbaycan xeyli dəyişilib:

“30 ildən əvvəlki prioritetlərdən əsər-əlamət qalmayıb. Yeni prioritetlər isə yeni nəslin təşəbbüsü ilə yaranır və həyata keçirilir. Odur ki, Azərbaycan siyasi həyatında mühüm rol oynayan iqtidar partiyası da dəyişikliyə açıq olmalı, yeni prioritetləri dərindən anlayan insanlar hakimiyyətə gətirilməlidir. Amma bu yalnız hansısa insanların partiya və ictimai həyatdan uzaqlaşdırmaqla həyata keçirilə bilməz. Yeni reallıqlara uyğun ideyalar da hakimiyyətə gətirilməlidir. Düşünürəm ki, partiyanın İdarə Heyətində baş verən son dəyişikliklər də bu zərurətdən doğub. Həqiqətən də artıq kif atmış düşüncələrlə yaşayan insanlar nə cəmiyyətə, nə də partiyaya çox böyük fayda verə bilərlər. Onlar mütləq dəyişdirilməli və daha mütərəqqi ideyaların önü açılmalı idi”.

heyder oguz

Heydər Oğuz

Siyasi şərhçi qeyd edib ki, YAP qurulduğu gündən indiyədək qarşıya qoyduğu bütün hədəfləri reallaşdırıb:

“Bunu İlham Əliyevin özü də qurultay çıxışında etiraf etdi. Bildirdi ki, YAP-ın quruluş illərində qarşıya qoyduğu əsas vəzifələri ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etmək idi. 2020-ci və 2023-cü illərdə bu vəzifələr tamamilə yerinə yetirilib. İndi yeni vəzifələr Qarabağın və Şərqi Zəngilanın bərpası, ölkə iqtisadiyyatını inkişaf etdirmək olmalıdır”.

Globalinfo.az-ın şərhinə görə, YAP İdarə Heyətinə “köhnə qvardiya” nümayəndələrinin gətirilməsi partiyanın Heydər Əliyev irsinə sadiq qaldığını göstərir. Görünür, İmamverdi İsmayılovun, Ziyafət Əsgərovun sədaqəti, təcrübəsi, nüfuzu nəzərə alınaraq hakim partiyanın elitasına daxil edilib.

Ləman İmran
Globalinfo.az

Paylaş: