Rusiya qəfildən Azərbaycandan bu məhsulu almağa başladı – SƏBƏB

Azərbaycandan Rusiyaya ilk partiya olmaqla 612 min ədəd yumurta göndərilib. Maraqlıdır, “yumurta diplomatiyası” iki ölkəyə maddi və siyasi olaraq nə qazandırmış olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli deyib ki, Azərbaycandan Rusiyaya yumurta göndərilməsi üçün Azərbaycan sahibkarları son on ildə Rusiyaya dəfələrlə müraciətlər ediblər.

Mürvət Həsənli

O, uzun müddət müraciət etmələrinə baxmayaraq, azərbaycanlı sahibkarların reyestrə salınmadığını bildirib:

“Rusiya bizdən yumurta almırdı, əksinə, özləri bizə yumurta ixrac edirdilər. Yumurtaya tələbat artıqdan sonra rus texnozor əməkdaşları Bakıya gəldi, dərhal bizim 6 müəssisəni qeydiyyata aldılar. Reyestrə saldıqdan sonra biz Rusiyaya 1,5 milyon üzərində yumurta ixrac etmişik. Bizə həm iqtisadi, həm də siyasi baxımdan Rusiya kimi ölkə bazarı ilə əməkdaşlıq etmək önəmlidir.

Ölkədə yumurta istehsalı 4,9-5  milyon civarındadır. Ölkənin günlük yumurta tələbatı isə ortalama 3,6 milyon ədəddir. Belə olan halda bizim 1.3 milyon artıq yumurtamız qalır ki, onları da Yaxın Şərq ölkələrinə – Qətər, BƏƏ, İraq, Əfqanıstan və digər ölkələrə ixrac edirdik. Rusiya bazarının da açılması yaxşı oldu. Bu, loqistik baxımdan xeyirlidir. Lakin Rusiya bazarının davamlı olacağına o qədər də inanmıram”.

M.Həsənli deyib ki, Çin Azərbaycandan toyuq əti almağı planlaşdırır:

“Bizim üçün dünya bazarlarına çıxışın olması çox önəmli hadisədir. Bunun həm də xeyri odur ki, istədiyimiz zaman əlimizdə qalan yumurtaları, toyuqları asanlıqla sata biləcəyik”.

Assosiasiya sədri yumurtanın bahalaşması mövzusuna da toxunub:

“Hazırda yumurtanın qiyməti ötən illə müqayisədə 1-2 qəpik ucuzdur. Bir yeşik yumurtanın qiyməti 53 manatdır, onun da içində 360 ədəd məhsul olur. Bu da o deməkdir ki, bunun qiyməti 14 qəpik civarındadır. Marketlərdə də onu 16-17 qəpiyə satırlar. Yaxşı cəhət həm də odur ki, bu gün nə qədər yumurta istehsal etsək, rahat şəkildə Rusiyaya sata biləcəyik. Bunun Rusiya bazarında 1-2 il davam edəcəyini düşünürük”.

Mürvət Həsənli deyib ki, məsələ ilə bağlı Assosiasiya üzvləri görüş keçirib, istehsalı mart ayının 1-nə kimi 20 faizə qədər artırmağı düşünür.

Zaira Akifqızı
Globalinfo.az